Close

12:28
17 Dekabr 2024

Yalnız bu ixtisasları seçə bilərlər - Ali məktəblərə imtahansız qəbul üçün...

Artıq bir neçə ildir, subbakalavr dərəcəsi olan orta ixtisas təhsili müəssisələri (kolleclərin) məzunları ali məktəblərə qəbul imtahanı vermədən qəbul olmaq şansı qazanıblar. Bu illər ərzində kifayət qədər insan bu fürsətdən istifadə etməklə ali məktəblərə daxil olub.

Mövzu ilə bağlı TNS-ə danışan təhsil məsələləri üzrə mütəxəssis Kamil Məmmədov bir sıra məqamlara aydınlıq gətirib.

O bildirib ki, subbakalavrlar yalnız orta ixtisas təhsili pilləsində və ya yüksək texniki peşə təhsili səviyyəsində təhsil aldıqları tədris dilinə və bitirdikləri ixtisasa uyğun olan ixtisasları seçə bilərlər: “Qəbul aparılan ixtisasların uyğunluğu Dövlət İmtahan Mərkəzi (DİM) ilə razılaşdırılmaqla, Elm və Təhsil Nazirliyi tərəfindən müəyyənləşir. Yəni subbakalavr diplomu olan şəxs ali məktəbə qəbul üçün müsabiqə zamanı istədiyi ixtisası seçə bilməz.

Subbakalavrlara qəbul imtahanlarında iştirak etmədən bəzi ixtisaslara qəbul olmağa hüquqi baxımdan icazə verilmir. Onlar aşağıdakılardır:

− Xarici dil fənni üzrə əlavə tələb qoyulan ixtisaslar;

− “ADA” Universitetinin ixtisasları;

− Bakı Ali Neft Məktəbinin ixtisasları;

− İtaliya-Azərbaycan Universitetinin ixtisasları;

− Qarabağ Universitetinin ixtisasları;

− Türkiyə-Azərbaycan Universitetinin ixtisasları”.

kamil

Mütəxəssis qeyd edib ki, bəzi ixtisaslar üzrə subbakalavrların ali məktəblərə qəbul şansı demək olar yoxdur: “2024-cü ilin qəbul prosesində diqqəti çəkən statistik vəziyyətə nəzər salaq. Ali təhsil müəssisələrinin müsabiqəsində 82883 nəfər iştirak edib. Onlardan 55656 nəfəri (o cümlədən 7287 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 27117 (o cümlədən 1579 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 28539 (o cümlədən 5708 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. Gördüyümüz kimi, 7287 subbakalavr ali məktəbə daxil olub. Subbakalavrların ümumi qəbul olunanlara nisbəti 13,09 faizdir. Bu, kifayət qədər böyük rəqəmdir. Lakin qəbul olanların ixtisas qrupları üzrə statistikasına nəzər salsaq, qəribə bir mənzərə ilə qarşılaşacağıq. 1-ci qrupda 18360 nəfərdən 3053 nəfəri (16,6 faiz), 2-ci qrupda 14163 nəfərdə 3549 nəfəri (25,04 faiz), 3-cü qrupda 14869 nəfərdə 56 nəfəri (0,38 faiz), 4-cü qrupda 4150 nəfərdən 536 nəfəri (12,92 faiz), 5-ci qrupda 4114 nəfərdən 93 nəfəri (2,26 faiz) subbakalavr olub. Göründüyü kimi, 2-ci və 3-cü qruplar üzrə ali məktəblərə qəbul olanların sayı təxminən yaxın, 2-ci qrup üzrə ali məktəblərə qəbul olan subbakalavrlar 25,04 faiz olsa da, 3-cü qrup üzrə ali məktəblərə qəbul olan subbakalavrlar cəmi 0,38 faiz təşkil edir.

Bütün bunları nəzərə alaraq demək olar ki, kolleci bitirdikdən sonra subbakalavr kimi, imtahan vermədən ali məktəblərə daxil olmaq istəyən şəxslər kolleclərə qəbul olan zaman ixtisaslarını diqqətli seçməlidirlər”.

Aygün