Dərsliklərdə yenilik - Zorakılığın mənfi tərəfləri tədris olunacaq
Məişət zorakılğı ilə bağlı problemlər məktəblərə də rahat şəkildə yol açır.
Bu gün öz şagird yoldaşı ilə yaranan mübahisəni zorakılıq yolu ilə həll etməyə çalışanların sayı az deyil. Kobud və şiddətə meyilli hərəkətlər, qarşısındakına bıcaqla, döyməklə fiziki xəsarət yetirmək halları məktəbli uşaqlar arasında xeyli artıb. Bu baxımdan, zorakılığın qarşısının alınmasında rol oynaya biləcək müvafiq materialların dərsliklərə salınması, tədrisi vacibdir.
Hazırda bu sahədə hansı işlər həyata keçirilir?
Mövzu ilə bağlı TNS-in sualını Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin Məişət zorakılığının qarşısının alınması sektorunun məsləhətçisi İradə Məmmədova cavablandırıb.
Azərbaycan Respublikasında məişət zorakılğı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planının uğurla başa çatdırıldığını xatırladan İradə Məmmədova, həmin fəaliyyət planında müvafiq bəndin ailə dəyərləri, reproduktiv sağlamlıq və ailə planlaşdırması mövzularının ümumi təhsil üzrə müvafiq dərsliklərə daxil edilməsindən ibarət olduğunu bildirib: “Hazırda “Həyat bilgisi”, “Biologiya”, ədbiyyat və dil fənnləri üzrə yer alan bədii və informativ mətnlər, sual və tapşırıqlar, illustrasiyalar vasitəsilə şagirdlərin yaş səviyyəsinə uyğun olaraq ailə dəyərləri sağlam həyat tərzinə dair məlumatlar verilməsi nəzərdə tutulur.
Qeyd edim ki, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununda bu ildən Prezident İlahm Əliyevin müvafiq fərmanları ilə dəyişikliklər edilib. Həmin mühüm dəyişikliklərdən biri də qanunun 16-cı maddəsinə əlavələrin olmasıdır. Bu maddə məişət zorakılığı ilə bağlı qabaqlayıcı tədbirləri özündə ehtiva edir. Maddədə əhali arasında yüksək mədəniyyətə və qarşılıqlı hörmətə əsaslanan ailə münasibətlərinin təbliğ edilməsi maddəsi var ki, dediyim yeni bənd də oraya əlavə olunub. Qabaqlayıcı tədbirlər sırasına ümumi, peşə, orta ixtisas və ali təhsil pillələrində tədris olunan müvafiq fənn və dərsdənkənar məşğələlərin məzmununa, təhsil alanların yaş xüsusiyyəti nəzərə alınmaqla, qarşılıqlı hörmət, yardım mübahisələrin qeyri-zoraki yolla həlli, gender bərabərliyi və şəxsiyyətlərarası münasibətlərə dair mövzuların daxil edilməsi müddəası əlavə olunub. Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının qanununa da mühüm dəyişikliklər edilib və bütün növ təhsil müəssisələrində tədris olunan müvafiq fənn və məşğəllərin məzmununa da qeyd etdiyimiz mövzuların əlavə olunması baş verib. Yəni, qanuna əlavə yarımbənd artıq qanunvericiliyə əlavə edilib və həyata keçirilmə mərhələsindədir”.
Aygün