Close

Pensiya fondundakı vəsaiti tam şəkildə əldə etmək mümkündür?

İnsanlar arasında pensiya almaq üçün ödədikləri vəsaitin, heç olmasa, yarı hissəsini əvvəlcədən almaq istəyində olanların sayı az deyil.

Məlumdur ki, pensiyaya çıxanların əksəriyyəti hər hansı bir fəaliyyətlə məşğul ola bilmir. Bu, təkcə həmin insanların səhətti ilə bağlı məsələ deyil. Məsələn, səhhəti normal olanların özlərinə kiçik biznes qura bilməsi üçün müəyyən məbləğdə vəsait lazımdır. Dünya təcrübəsində də var ki, pensiyaya çıxan insanlar özləri üçün kiçik bir iş qurur. Bu amil insanlara iqtisadi cəhətdən əlavə gəlir gətirməklə yanaşı, zamanlarını daha faydalı keçirməyə də şərait yaradır.

Bu kateqoriyadan olan insanlarımız hər hansı fəaliyyətlə məşğul ola bilməmələrini çox zaman maddi vəziyyətləri ilə əlaqələndirirlər. Onlar düşünür ki, əgər pensiyalarını bütöv, ya müəyyən bir hissəsini əvvəldən almaq imkanları olarsa, bu vəsaitdən istifadə etməklə özlərinə kiçik iş qura bilərlər.

Bəs, insanlarımızın bu vəsaiti bütöv götürməsi mümkün ola bilərmi?

Mövzu ilə bağlı TNS-ə danışan iqtisadçı Xalid Kərimli bildirib ki, Azərbaycanın hazırkı pensiya qanunvericiliyində pensiya kapitalının hansısa bir hissəsinin bu və ya digər formada götürülməsi, yaxud da öldükdən sonra şəxsin varislərinə transfer olunması məsələsi yoxdur: “Azərbaycanda hazırda özəl pensiya fondlarının yaradılması ilə bağlı müzakirələr gedir. Bu fondlar yaradıldıqdan sonra pensiya kapitalının bütöv şəkildə verilməsi nəzərdə tutula bilər. Amma indikdi icbari pensiya sistemində belə bir məsələ yoxdur. İnsan pensiya yaşına çatmadan vəfat etsə, dul qalan həyat yoldaşının pensiyası bir az yüksəlir. 18 yaşına çatmayan uşaqları varsa, onlara müəyyən ödəniş edilir və s.”.

İqtisadçı bildirib ki, şəxsin külli miqdarda pensiya kapitalı yaransa da, dövlətin sərəncamında qalır: “Hazırda belədir ki, dövlət işləyənlərdən pul alır, işləməyən pensiya yaşına çatanlara pensiya verir. Sistem belə qurulub ki, ödədiyin vəsaiti dövlət saxlamır, digər pensiya alanlara ödəyir. Sadəcə, insanın nə qədər vəsait ödədiyi qeyd olunur. Özəl pensiya fondu ilə bağlı hələ ki, layihələr, qanunlar yoxdur. Bu baxımdan, hansı şərtlərin irəli sürüləcəyi məlum deyil. Özəl pensiya fondu ilə bağlı təşəbbüslər məhz bu sahədə sadələşmələrin olması, hüquqların artmasıdır. Amma vətəndaşlar özəl pensiya fonduna əlavə vəsait ödəyəcəklərini də bilməlidirlər. Dövlət fondundan fərqli olaraq, özəl pensiya fonduna ödəmələr könüllü olacaq. Bu fondlar yarandıqdan sonra vəsaitin istənilən formada götürülməsi mümkün ola bilər”.

Aygün