Xırdalan və Masazırı buna görə su basıbmış – RƏSMİ

Həftə sonu yağan intensiv yağışlardan sonra Abşeron rayonunun Xırdalan şəhərini və Masazır qəsəbəsini su basıb. Subasmanın səbəbi nədir?
Mövzu ilə bağlı TNS-in sorğusunu cavablandıran Abşeron Rayon İcra Hakimiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Seymur Qasımbəyli bildirib ki, Xırdalan şəhərinin bir hissəsi istisna olmaqla, rayonun kənd və qəsəbələrində mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi mövcud deyil. Sakinlər tərəfindən kustar üsullarla, norma və tələblərə cavab verməyən kanalizasiya xətləri çəkilib: "Aramsız yağan son yağışlardan sonra mövcud olan kanalizasiya kollektorlarının və nasosların fasiləsiz işləməsinə baxmayaraq, yağış sularının tam axıdılması çətinləşib. Nəticədə bir neçə küçədə su kütləsinin yığılması müşahidə edilib. Bildiririk ki, hazırda Abşeron Rayon İcra Hakimiyyətinin, yerli bələdiyyələrin və aidiyyəti təşkilatların nümayəndələri tərəfindən koordinasiyalı şəkildə müşahidə edilən suların müxtəlif vasitələrlə axıdılması istiqamətində tədbirlər həyata keçirilir".
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə TNS-ə bildirilib ki, problemə səbəb yağışların intensivliyidir: "Yağıntılar zamanı şəbəkələrdə həddən artıq yüklənmələr mövcud infrastrukturun fəaliyyətini çətinləşdirir. Bu səbəblə rayonlar üzrə Su-kanal İdarəsinin əməkdaşları yığılan suları ərazilərdən kənarlaşdırmaq üçün cəlb olunur, tutulan xətlərin fəaliyyətini bərpa edirlər".
Ayşən Azadova