Pensiyalar artımları ilə birlikdə bu tarixdə veriləcək

Məlum olduğu kimi, gələn aydan etibarən əmək pensiyalarında artımlar nəzərdə tutulur. Vətəndaşlar pensiya artımlarını gələn aydan ala biləcəklərmi?
Bu barədə TNS-ə danışan Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, gələn il reallaşacaq pensiya artımları əmək pensiyası alan bütün vətəndaşlarımızı əhatə edəcək: “Yaşa, ailə başçısını itirməyə, eləcə də əlilliyə görə əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğləri 2024-cü ildə nominal orta aylıq əməkhaqqında olan artım faizinə uyğun olaraq artırılacaq. Praktiki olaraq bu, 1 milyon 100 min vətəndaşımızın pensiyasında artım deməkdir. Əmək pensiyalarının verilməsi üçün nəzərdə tutulan vəsaitin həcmini nəzərə alsaq, bu halda artıq artımlara təxminən yarım milyard manata qədər vəsaitin yönəldilməsi nəzərdə tutulur. 2024-cü ilin arxada qalan aylarında orta aylıq əməkhaqqı artımı 8 faiz olub. İlin sonuna kimi bu faiz dəyişməyəcəyi halda, pensiayalar məhz həmin faizə indeksləşdirilərək artırılacaq. Nəzərə alaq ki, artım faizini hər hansı bir dövlət qurumu müəyyənləşdirmir. Qanunvericiliyə uyğun olaraq, orta aylıq əməkhaqqının artım faizinə uyğun olaraq, həyata keçirilən indeksasiya və artımlardır. Bu baxımdan, qanunvericiliklə əmək pensiyalarında olacaq artımlar yanvar ayından etibarən hesablanacaq. Orta aylıq əməkhaqqı ilə bağlı rəsmi statistikanın yanvarın sonu, fevralın əvvəli elan ediləcəyi gözlənilir.
O baxımdan, böyük ehtimalla pensiyaçılar yanvar ayının artımlarını fevral ayında həmin ayın artımları ilə birlikdə alacaqlar. Amma pensiyanın artımı artıq gələn aydan etibarən həyata keçiriləcək”.
Aygün