“Bu problemlər həll olunmasa...”
“Dördüncü sinifdə qızların təhsil göstəricilərinin oğlanlardan üstün olduğu halda, 15 yaşında bu dinamikanın dəyişməsi və oğlanların daha yaxşı nəticə göstərməsi cəmiyyətdə müxtəlif suallar doğurur. Bu vəziyyətin səbəblərini araşdırmaq üçün bir neçə əsas məsələyə diqqət yetirmək lazımdır”.
Bunu TNS-ə açıqlamasında təhsil məsələləri üzrə mütəxəssis Kamran Əsədov deyib.
O qeyd edib ki, ilk növbədə, sosial və mədəni stereotiplərin qızların təhsilinə mənfi təsiri nəzərə alınmalıdır. Belə ki, bəzi ailələrdə qızların təhsili əhəmiyyətli hesab edilmir, onlara gələcəkdə yalnız ailə qurmaq və ev işləri ilə məşğul olmaq üçün hazırlaşan fərdlər kimi baxılır: “Bu yanaşma qızların təhsil motivasiyasını azaldır və onların uzunmüddətli akademik uğurlarını məhdudlaşdırır. Üstəlik, erkən nikahlar bu problemi daha da ağırlaşdırır. Ailələrin iqtisadi çətinlikləri və ya cəmiyyətdə mövcud olan ənənələr qızların erkən yaşda ailə qurmasına, təhsildən uzaqlaşmasına səbəb olur.
İqtisadi amillər də mühüm rol oynayır. Maddi çətinliklər yaşayan ailələrdə çox vaxt resurslar oğlanların təhsilinə yönəldilir, qızlar isə ev işlərinə kömək etmək və ya erkən yaşda işləmək məcburiyyətində qalırlar. Bu, onların təhsilə olan diqqətini azaldır, nəticədə akademik göstəricilərinin zəifləməsinə səbəb olur. Təhsil müəssisələrində mövcud olan şərait də bu məsələdə əhəmiyyətlidir. Xüsusilə ucqar kəndlərdə məktəb infrastrukturu və müəllim çatışmazlığı qızların davamlı təhsil almasına mane olur. Təhlükəsizlik məsələləri də nəzərə alınmalıdır, çünki bəzi bölgələrdə qızlar üçün təhlükəsiz təhsil mühitinin olmaması onların məktəbdən uzaq qalması ilə nəticələnir”.
Mütəxəssis bildirib ki, gender stereotipləri qızların akademik performansına təsir göstərən mühüm amillərdəndir: “Cəmiyyətdə qızların müəyyən fənlərdə, xüsusən də riyaziyyat və texnologiya sahələrində zəif olduğu barədə yanlış inanclar mövcuddur. Bu cür stereotiplər qızların özlərinə olan inamını azaldır, onların bu sahələrdə inkişafını məhdudlaşdırır. Psixoloji faktorlar da qızların akademik uğurlarına təsir edir. Yeniyetməlik dövründə qızlar sosial təzyiqlər, ailə gözləntiləri və bəzən də öz bədənlərindən olan narazılıqlar səbəbindən təhsilə daha az diqqət yetirə bilirlər”.
Kamran Əsədov qeyd edib ki, qızların təhsilində mövcud problemləri həll etmək üçün müxtəlif tədbirlər həyata keçirilməlidir. İlk olaraq, maarifləndirmə kampaniyaları ilə valideynlərə və cəmiyyətə qızların təhsilinin əhəmiyyətli olması fikri aşılanmalıdır: “Təhsil haqlarının azaldılması və qızlar üçün xüsusi təqaüdlərin artırılması onların təhsildə daha uzun müddət qalmasını stimullaşdıracaq. Erkən nikahların qarşısını almaq üçün sərt addımlar atılmalıdır. Məktəb infrastrukturu yaxşılaşdırılmalı və ucqar bölgələrdə qızlar üçün təhlükəsiz və əlçatan təhsil mühiti yaradılmalıdır. Bu tədbirlər qızların təhsil imkanlarını genişləndirərək onların potensiallarını tam reallaşdırmalarına imkan yaradacaq və cəmiyyətin ümumi inkişafına müsbət təsir göstərəcək. Qızların təhsili yalnız onların deyil, həm də ölkənin gələcəyini formalaşdırır və bu sahədə görüləcək hər bir addım uzunmüddətli uğurlar üçün mühüm əhəmiyyət daşıyır”.
Ayşən Azadova