İcma əsaslı məktəbəqədər təhsil qrupları nədir?
Hazırda Azərbaycanda bağçayaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunma göstəricisi 35 faiz təşkil edir. Məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi qarşıya qoyulan əsas hədəflərdəndir. “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda məktəbəqədər təhsilə cəlb olunmuş uşaqların 1-5 yaşlılara nisbətinin 50 faizə çatdırılması nəzərdə tutulub.
Bu barədə TNS-ə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, regionlarda uşaqların məktəbəqədər təhsilə cəlb edilməsi üçün dünyada tətbiq edilən uğurlu təcrübələrdən istifadə olunur. Onlardan biri də icma əsaslı məktəbəqədər təhsil qruplarıdır.
Qeyd olunub ki, 2017- ci ildə yaradılan layihənin məqsədi 3-5 yaşlı uşaqların sosial-emosional, idrak və ümumi bilik, yaradıcı və fiziki inkişaf sahələrini əhatə edən bacarıqların artırılması, icma əsaslı məktəbəqədər təhsil mərkəzləri və valideyn birliklərinin yaradılması, eləcə də məktəblə birgə əməkdaşlıq nəticəsində ibtidai təhsilin keyfiyyətini artırmaqdan ibarətdir: “İcma əsaslı məktəbəqədər təhsil layihəsinə 890 mərkəz əlavə edilərək əhatə dairəsi genişləndirilib. Hazırda layihəyə cəlb edilən tərbiyəçi-müəllimlərin sayı 1088 nəfərdir. Layihəyə qoşulan ümumi uşaq sayının 20 min olması proqnozlaşdırılır. Davamlı peşəkar təlimlərə cəlb olunan tərbiyəçi-müəllimlər valideynlərlə birlikdə əməkdaşlıq edərək həm icma əsaslı məktəbəqədər təhsil qrupunda, həm də evdə uşaqlar üçün keyfiyyətli öyrənmə mühiti yaradıb”.
Vurğulanıb ki, icma əsaslı məktəbəqədər təhsil qrupları fəaliyyətini uğurla davam etdirir.
“Adıçəkilən layihə məktəbəqədər təhsilin forma və məzmun kontekstində effektlivliyinin artırılmasında önəmli rol oynayır”, - deyə məlumatda qeyd olunub.
Aygün