Close

23:01
26 Dekabr 2024

Şöbə müdiri: "Rayon mərkəzlərində zibili hara gəldi, atırlar"

Tez-tez bölgələrdə ciddi problemə çevrilən “tullantı poliqonlarının” yaratdığı mənzərə ilə bağlı görüntülər gündəmə gəlir.

Nədənsə, illərdir bu məsələ öz həllini tapmır. Bəzi bölgələrdə əhali zibilini torpağı qazıb basdırır, bəzilərində məsələ zibilin yandırılması ilə həll edilir. İllər əvvəl ekoloqlar çay yataqlarına, dərələrə tökülən tonlarla tullantının yaradacağı fəsadları gündəmə gətirir, həllinin vacibliyini vurğulayırdılar. Mütəxəssislər bildirir ki, yaxın vaxtlarda bu prqoblem öz həllini tapmazsa, bölgələrin ekoloji problemi daha qabarıq şəkildə üzə çıxacaq.

Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev TNS-ə bildirib ki,  bölgələrimizdə-rayonlarımızda tullantıların idarə olunması ciddi problemə çevrilib: “Rayon mərkəzlərində zibili bir az yığışdırırlar, amma aparıb hara gəldi, atırlar. Kəndlərdə isə yandırırlar ki, bu da ekoloji problem yaradır. Xüsusilə politelin torbalar, digər məhsullar yanarkən çox kəskin iyli, zəhərli və insan sağlamlığına mənfi təsir edən tüstü, zəhərli birləşmələri ətrafa yayır.

Rayon yerlərində tullantı atan təkcə yerli əhali deyil.  Restoranlar, ictimai-iaşə müəssisələri, bəzi yerlərdə olan xırda təsərrüfatlar var ki, onların da tullantıları kifayət qədərdir. Onlar dağ rayonlarında tullantıları çox zaman dərələrə tökürlər. Yağış yağanda, sel gələndə tullantıları yuyub aşağılara gətirir, çay sularına qarışdırır və s. Əsas problemi yaradan təbiətdə gec parçalanan məhsulların tullantısıdır”.

Mütəxəssis bildirib ki, hazırda tullatının hansı formada idarə olunması məsələsi rayon rəhbərlərinin məsuliyyətindədir.

Onun sözlərinə görə, bu məsələnin həlli üçün maşınla təminat,  tullantı qabları və s. məsələlər ciddi infrastruktur tələb edir: “Bu problemin əsaslı həlli proqram hazırlanmalıdır. Məsələ Milli Məclisdə müzakirə olunmalı, müvafiq addımlar atılmalıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tullantı atanların cərimələnməsini həyata keçirir, cərimələr də artıb, amma bunlar məsələnin həlli deyil”.

Ənvər Əliyevin sözlərinə görə, tullantı problemi ilə bağlı hər kəs öz bildiyini etsə, məsələnin sonu yaxşı olmayacq: “Bu problem hələ ki, böyük ölçüdə gözə çarpmasa da, zamanla daha ciddi hal alacaq. Ona görə də növbəti ildən bu sahədə olan problemlərin həlli istiqamətində işlərə başlanmalıdır. Həll yolları var. Hər 2-3 rayon üçün bir kombinat tikib utilizasiya etmək, tullantıdan gübrələr hazırlamaq olar və s.”.

Aygün