Close

23:01
26 Dekabr 2024

Orta məktəbdə biabırçılıq – Divarlara söyüş yazılıb, şagirdlərin çoxu dərsə getmir - VİDEO

Abşeron rayonunun Masazır qəsəbəsində fəaliyyət göstərən Laçın rayonu Çıraqlı kənd tam orta məktəbində acınacaqlı vəziyyət yaranıb.

Bu barədə TNS-ə məktəbdə təhsil alan şagirdlərin valideynləri məlumat veriblər.

Şikayətçilər bildiriblər ki, məktəbin binasındakı şərait tədrisin təşkilinə imkan vermir.

Valideynlər deyib ki, məktəbin sinif otaqlarının divarları naməlum şəxslər tərəfindən yazılıb: “Divarlara nalayiq ifadələr, söyüşlər yazılıb. Otaqlarda biabırçı vəziyyət yaranıb. Şagird qızlar otaqlara daxil olmaq istəmirlər. Valideynlərin şikayətindən sonra divarlardakı söyüşlər silinib. O vaxta qədər bu məsələ ilə məktəb rəhbərliyi maraqlanmırdı”.

Valideynlərin sözlərinə görə, məktəbin dam örtüyü illərdir, yararsız vəziyyətdədir: "Yağış yağanda sinif otaqlarının hamısı suyun altında qalır. Artıq 10 gündür, şagirdlərin çoxu dərsə getmir. Uşaqların çoxu xəstələnib, müalicə alır. Səsimizi eşidən yoxdur. Dəfələrlə məktəb rəhbərliyinə müraciət etsək də, heç bir tədbir görülmür. Məktəbin direktor müavini məsuliyyəti Elm və Təhsil Nazirliyinin üzərinə atır. Bildirirlər ki, guya dəfələrlə bu barədə məlumat versələr də, nazirlik heç bir tədbir görmür. Biz də çarəsizlikdən uşaqlarımızı məktəbə buraxmırıq”.

Əməkdaşımız məktəbin rəhbərliyi ilə əlaqə saxlayıb.

Məktəbin direktor müavini Gülnar Əhmədova TNS-ə açıqlamasında biabırçı vəziyyətə haqq qazandırıb.

Direktor müavini bildirib ki, belə hallar bütün məktəblərdə var: “Nazirliyin nümayəndəsi gəlib, məktəbi yoxlayıb, hansı problemlərin olduğunu bilirik. Biz də cari təmirin nə vaxt olacağını gözləyirik. Valideynlər özləri də məktəbin şəraitini görür. Əlimizdə olan şəraitə uyğun olaraq, çalışdığımız qədər məktəbdə tədrisi davam etdirməyə çalışırıq. Uşaqların təhsili ilə bağlı hər hansı problem yoxdur. Sadəcə otaqlarda, dam örtüyündə problemlər var. Belə hallara bütün məktəblərdə rast gəlinir".

Direktor müavini sözünü qurtarmamış məktəb direktoru dəstəyi alaraq, əməkdaşımızı təhdid edib. Özünü məktəbin direktoru Elnurə Vəliyeva kimi təqdim edən xanım bildirib ki, jurnalistlər ondan açıqlama almaq şərəfinə nail ola bilməzlər: “Sizin bizimlə sorğu aparmaq üçün icazəniz varmı? Gedin Rəşid Məciddən (adını belə doğru bilmir - red.) icazə alın, sonra gəlin danışaq. Bizim məktəbimizdə olan budur. Məktəbimizdə uşaqların tərbiyəsi də qənaətbəxşdir. Siz kimsiniz ki, bu məsələni aydınlaşdırmağa çalışırsınız. Heç bir jurnalist icazə almadan bizdən açıqlama ala bilməz".


Ayşən Azadova