Close

12:14
04 Dekabr 2024

AAYDA: “Qışa 100 faiz hazırıq, amma bu, o demək deyil ki, problem olmayacaq"

Paytaxt Bakı ilə yanaşı, bölgələrdə də soyuq hava şəraiti müşahidə olunmaqdadır.  Artıq bəzi bölgələrə qar yağıb, şaxtalı hava hökm sürür. Magistral avtomobil yollarının buz bağlamasının qarşısını almaq üçün hansı tədbirlər görülür?

Mövzu ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli TNS-ə bildirib ki, avtomobil yollarında buzlaşma qeydə alınmayıb, amma agentlik əlverişsiz hava şəraitinə hazırdır.

A. Nəcəfli qeyd edib ki, bölgələr üzrə, xüsusən dağlıq ərazilərdə duz və qum ehtiyatının toplanması istiqamətində işlər aparılır: “Müəyyən ərazilərdə qar yağıb, lakin elə də ciddi fəsadlar olmayıb. Əgər yolların hərəkət hissəsində buzlaşma və ya qarın toplaşması kimi hallar qeydə alınarsa, dərhal müdaxilə edilib, aradan qaldırılması istiqamətində addımlar atılacaq. Bunun üçün maşın, mexanizmlər, texnikalar hazır vəziyyətdədir.  Biz hər dəfə qeyd edirik ki, qeyri-sabit hava şəraitinə 100 faiz hazırıq, amma bu, o demək deyil ki, qarın yağması, yolların buzlaşması zamanı hər hansı bir problem olmayacaq. Mütləq şəkildə biz hazır olduğumuz qədər, sürücülər də ehtiyatlı olmalıdır. Sürücülər idarə etdikləri nəqliyyat vasitələrini qış fəslinə uyğun təchiz etmədirlər. Nəqliyyat vasitələri hazır olmalıdır ki, digər avtomibillərə maneə yaratmadan hərəkət edə bilsin.

Maşın mexanizmləri hazır vəziyyətə gətirilir ki, qış mövsümündə qar yağanda yarana biləcək hər hansı bir problem aradan qaldırılsın, yolların buz bağlamasının qarşısı alınsın”.

Ayşən Azadova