Close

18:55
26 Noyabr 2024

Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?

Məlum olduğu kimi, ilk dəfə Azərbaycanın 7 ali təhsil müəssisəsi “QS Dünyanın ən yaxşı universitetlərinin reytinqi: Dayanıqlılıq 2025”də yer.

Sözügedən reytinqdə dünyanın 107 ölkəsindən 1751 ali təhsil müəssisəsi təmsil olunur. Ötən il yalnız 2 ali təhsil müəssisəmizin təmsil olunduğu reytinqdə bu il Azərbaycan universitetlərinin sayı 3,5 dəfə artıb.

Azərbaycan sözügedən reytinqdə ilk dəfə TOP 1000-də Bakı Dövlət Universiteti (941-950) ilə təmsil olunur. Azərbaycan Dövlət İqtisad Universiteti 1081-1100-cü yerdə qərarlaşıb. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (1351-1400), Bakı Mühəndislik Universiteti (1451-1500), Azərbaycan Texniki Universiteti (1501+), Azərbaycan Memarlıq və İnşaat Universiteti (1501+) və Xəzər Universiteti (1501+) isə ilk dəfə bu reytinqdə yer alır.

Azərbaycan Cənubi Qafqaz regionu üzrə “QS Dünyanın ən yaxşı universitetlərinin reytinqi: Dayanıqlılıq 2025” də təmsil olunan yeganə ölkədir.

Ali məktəblərimizin bu məsələdə mövcud göstəriciləri yetərlidirmi? Təhsil müəssisəsinin bu reytinqdə olması, həmin ali məktəbin həqiqətən yaxşı təhsil verdiyini göstərirmi?

Məsələ ilə bağlı TNS-ə danışan Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov bildirib ki, universitetin dünya reytinqində yer alması həmin ali məktəbin, həm də keyfiyyətli təhsil verməsinin göstəricisidir: “Çox təəssüf edirəm ki, bizim universitetlərimiz dünya reytinqində çox aşağı sıralarda yer alır. Bu həm də bir daha onu təsdiq edir ki, bizim bu istiqamətdə işlərimiz heç də yaxşı deyil, hələ çox işləməliyik. Universitetlər son illərdə səylə çalışır. Amma bəzən burda da görüntü xarakterli işlər müşahidə olunur”.

İlqar Orucov beynəlxalq reytinqlərdə yer almaq üçün universitetlərin qarşısında ciddi şərtlər qoyulduğunu, həmin şərtlərin həm də keyfiyyətli təhsllə bağlılığını qeyd edib: “Beynəlxalq reytinq siyahısını müəyyənləşdirən qurumların şərtlərindən biri də odur ki, universitetin özünün kampusu, yataqxanası olsun. Universitet həyatı həm də bir sosial mühitdir. Kampus olanda tələbələr arasında ünsiyyət daha yaxşı qurulur, sosiallaşma gedir. Onların arasında həm də ciddi bilik mübadiləsi baş verir. Digər tərəfdən, universitetdə çalışan pedaqoji heyətin səviyyəsi reytinqlərdə ciddi rol oynayır. Pedaqoji heyət alimlərdən ibarətdir və həmin alimlərin əsərlərinə istinadların nə qədər olması məsələsi də önə çıxır. Bundan başqa, beynəlxalq əməkdaşlığa böyük önəm verilir. Universitetlərdə nə qədər xarici tələbənin təhsil aldığı, nə qədər xarici müəllimin çalışdığı reytinqə təsir göstərir. Ali məktəblərdə həm də elmi-tədqiqat işləri aparılmalıdır. Bizim universitetlərdə bu da çox az müşahidə olunur. Birgə elmi-tədqiqatlarda alimlər nə qədər yer alır? Yəni qeyd etdiyim faktorlar bir universitetdə cəmləşirsə, bu, universitetin nüfuzunu göstərir”.

Dünyanın ən yaxşı universitetlərinin reytinqində olmağın nə üçün bu qədər vacib olmasının digər tərəflərinə gəlincə, İlqar Orucov bildirib ki, ali məktəblərin reytinqə düşməsi ölkənin adı üçün də çox vacibdir: “Bu reytinqlər ölkənin nüfuzuna təsir göstərən amildir. Ölkənin ali təhsilinin göstəricisidr. Çox istərdim ki, universitetlərimiz reytinqlərdə yer almaq üçün lazım olan tələbləri qarşılaya bilsin”.

Müsahibimiz vurğulayıb ki, yeni təyin olunan rektorların bu istiqamətdə səyləri var. O qeyd edib ki, hətta yaşlı rektorlar da bu istiqamətdə çalışırlar: “Ali məktəblərin göstəricisinin yüksəldilməsi üçün cəhdlər var. Amma universitet böyük bir kollektivdir. Ona görə də hamı universitet üçün çalışmalıdır”.

Aygün