Close

12:06
26 Noyabr 2024

Məişət zorakılığı ilə bağlı şok statistika – Bu il 38 kişi şiddətə məruz qalıb

Məişət zorakılığı ilə bağlı edilən müraciətlərin əksəriyyəti psixoloji və fiziki zorakılıqla bağlı olur.

Bunu TNS-ə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin Məişət zorakılığının qarşısının alınması üzrə sektorunun müdiri Vəfa Ələkbərova deyib.

O bildirib ki, ötən il məişət zorakılığı ilə bağlı Ailə Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinə 560 müraciət daxil olub. Ötən il məişət zorakılığına məruz qalan qadınların sayı 478, kişilərin sayı 27, uşaqların sayı isə 328 nəfərdir.

Bu il ərzində isə Komitəyə məişət zorakılığı ilə bağlı 486 müraciət daxil olub: “Bu il məişət zorakılğı ilə bağlı müraciət edən qadınların sayı 430 olub. Eyni zamanda, bu problemlə bağlı 38 kişi də müraciət edib. Zorakılığa məruz qalan uşaqların sayı isə 364 nəfərdir”.

Komitə rəsmisi bildirib ki, məişət zorakılığının psixi, fiziki, iqtisadi və cinsi və s. növləri olsa da, vətəndaşlar daha çox psixoloji və fiziki zorakılığa məruz qalır. O qeyd edib ki, Komitəyə daxil olan müraciətlər məktubla yerli icra hakimiyyətlərinə və Daxili İşlər Nazirliyinə yönəldilir: “Operativılik üçün biz qurumlarla sosial şəbəkə vasitəsilə də əlaqəli işləyirik.

Məlumdur ki, bütün icra hakimiyyətlərində məişət zorakılığının qarşısının alınması ilə bağlı monitorinq və əlaqələndirmə qrupları yaradılıb. Onlara yönələn müraciətlərə uyğun tədbir görürlər. Ehtiyac olduqda zərərçəkən şəxs qısa müddətli mühafizə orderi ilə  təmin olunur, zərərverən şəxsə isə yazılı formada xəbərdarlıq edilir”.

Aygün