Boşanmalar niyə artır? - Ən asan çıxış yolu...

Azərbaycanda boşanma halları sürətlə artır. Rəsmi statistikaya görə, bu ilin yanvar-sentyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 36 651 nikah və 15 964 boşanma halları qeydə alınıb.
Ailələrin dağılması tək onların özlərinin deyil, cəmiyyətin də ciddi problemlərlə qarşı-qarşıya qalmasına səbəb olur.
Ailələrin dağılmasının kökündə dayanan məsələlər isə müxtəlifdir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Rafiq Mahmudov TNS-ə açıqlamasında bildirib ki, boşanmaların hansı səbəblərə görə baş verdiyini araşdırdıqda, ortaya müxtəlif səbəblər çıxır: “Düşünülmədən qurulan münasibət, ailənin təməldən sarsılması, cütlüyün, ailə üzvlərinin ümumi məsələlərdə ortaq qərara gələ bilməməsi, bir-birləri ilə razılaşmaması, xarakterlərin uyğunsuzluğu, xəyanət, uşağın olmaması, zorakılıq, kənar müdaxilə, sosial şəbəkələrin mənfi təsiri və s. amillər boşanmaların əsas səbəbləri kimi ortaya çıxır. Göründüyü kimi, boşanma səbəbləri kifayət qədər genişdir. Bir çox halda boşanmaların səbəbkarları ailə üzvlərinin biri və ya hər ikisi ola bilir.
Sözsüz ki, heç bir cütlük nikaha daxil olarkən gələcəkdə boşanacağını düşünmür, lakin bəzən ailə həyatının gedişatı əksini göstərir, problemlər artır, ümumi çıxış yolu tapılmır və ya tapmaq üçün cəhd olunmur. Ən əsası ünsiyyət qurula bilmir. Belə olan halda, ailə üzvləri ən asan çıxış yolunu boşanmada görürlər”.
Qurum rəsmisi bildirib ki, ailənin təkcə ər və arvaddan ibarət olmadığını unutmamalıyıq: “Ailənin balaca üzvləri-uşaqlar da var. Nikahın pozulması prosesində cütlüklə yanaşı, uşaqlar da ciddi travma alır. Onlar ailənin dağılmasından daha çox əziyyət çəkirlər. Uşaqlar həm mənəvi, həm də psixoloji sarsıntı keçirirlər. Bu istiqamətdə hər zaman uşaqlarla da iş aparmaq olduqca vacibdir”.
R. Mahmudov qeyd edib ki, boşanmaların mütləq əksəriyyəti sosial-psixoloji əsaslardan qaynaqlanır, bu məsələ bir daha ənənəvi ailə dəyərlərinin qorunması və təbliğinin vacibliyini ortaya çıxarır: “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq bölgələrdə və paytaxtda ailə və nikah institutunun qorunması, milli ailə dəyərlərinin təbliği, gənclərin ailə həyatına hazırlığı məqsədilə maarifləndirmə tədbirləri təşkil olunur, eyni zamanda sosial çarxlar hazırlanır, ailə üzvlərinin birlikdə zaman keçirməsi, valideyn məsuliyyətinin düzgün təbliğ olunması üçün layihələr həyata keçirilir. Bütün bunlar nəzərə alınaraq, ailələr və uşaqlarla işləyən mütəxəssislər üçün Komitə tərəfindən beynəlxalq ekspertlərin iştirakı ilə təlimlər təşkil edilib. Dövlət Komitəsi öz fəaliyyətində hər zaman nümunəvi, uzunömürlü ailələrin təbliğatına geniş yer ayırır. Bu cür təbliğat, nümunəvi ailələrin tanıdılması digər ailələr üçün bir stimul olur”.
Aygün