Close

20:39
22 Noyabr 2024

Həmin avtobuslar COP29-dan sonra ictimai nəqliyyatın xidmətinə veriləcək - RƏSMİ

Ölkəmizdə keçirilən beynəlxalq COP29 konfransı zamanı paytaxtda nəqliyyat hərəkətinin idarə olunmasının optimallaşdırılması, şəhər nəqliyyatının təhlükəsiz və nizamlı təşkili, eləcə də hərəkət iştirakçılarının rahatlığının təmin edilməsi məqsədilə Çinin BYD şirkətinə məxsus elektrik mühərrikli avtobuslardan istifadə olunur.

COP29-dan sonra həmin avtobuslar nəqliyyatın xidmətinə verilə bilərmi?

Mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) TNS-ə bildirilib ki, bu avtobuslardan COP29 bitəndən sonra ictimai nəqliyyatda geniş istifadə olunacaq: "Çinin BYD şirkətinə məxsus elektrik mühərrikli bu avtobusların ümumi oturacaq tutumu 30, sərnişin tutumu isə 83 nəfərdir. Bu nəqliyyat vasitələri ekologiyaya zərər vurmayan bir avtobuslardır. Ümumi sayı hazırda 160 olan avtobuslardan COP29-dan sonra ictimai nəqliyyatda geniş istifadə olunacaq. Onu da bildirək ki, bu avtobuslarla COP29 zamanı tədbir iştirakçılarının daşınması üçün xüsusi hərəkət zolaqları yaradılıb". 

Açıqlamada qeyd olunub ki, ümumilikdə AYNA tərəfindən ictimai nəqliyyatın hərəkəti üçün 31 küçə və prospektdə 100 km-dən çox xüsusi hərəkət zolağı təşkil olunub: “Xüsusi hərəkət zolağı ictimai nəqliyyat istifadəçilərinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaradır. Eyni zamanda bu zolaqdan qırmızı rəngdə olan taksilər də istifadə edə bilir. Digər nəqliyyat vasitələrinin bu zolağa daxil olması qadağandır”.

Qeyd edək ki, daha əvvəl AYNA tərəfindən verilmiş açıqlamalarda tədbirdən sonra COP29 zolaqlarının avtobus zolağı kimi saxlanmasının nəzərdə tutulduğu bildirilib. Buraya qanunsuz daxil olan digər nəqliyyat vasitələri 100 manat və 3 bal dəyərində cərimələnir.

Ayşən Azadova