Kommunal xidmətlər bahalaşacaq? – Tarif Şurası yaxın günlərdə...
Maliyyə naziri Samir Şərifov "Azəristiliktəchizat” ASC-yə dövlət büdcəsindən ildə 46 milyon manat vəsait ayrıldığını deyib, əlavə edib ki, qurumun əhalidən yığdığı tarif faktiki xərclərdən xeyli aşağıdır.
Nazir bildirib ki, qazanxanaların səmərəliliyi olduqca aşağıdır və yeni, daha müasir isitmə sisteminə keçmək lazımdır.
Kommunal xidmətlərin bahalaşması mümkündürmü?
Mövzu ilə bağlı TNS-ə açıqlama verən iqtisadçı Akif Nəsirli bildirib ki, səmərəliliyi olduqca aşağı olan qazanxanalar mərkəzləşmiş qaydada qızdırılan binalarda quraşdırılanlardır.
O qeyd edib ki, ölkədə belə binaların sayı çox azdır və köhnə binalarda istilik xərci rəmzi məbləğdədir: “Köhnə binalarda istilik xərclərinin normal məbləğə çatdırılmasına ehtiyac var. Hazırda idarəçilik bazar iqtisadiyyatı ilə gedirsə, hər bir xidmət də ona müvafiq olmalıdır. Hesab edirəm ki, mumiyyətlə, bütün xidmətlərin özəlləşdirilməsinə start verilməlidir. O cümlədən də "Azəristiliktəchizat” ilə bağlı özəlləşdirmə aparılmalıdır və bazar qiyməti formalaşmalıdır”.
A. Nəsirlinin fikrincə, bazar qiyməti formalaşdıqdan sonra hökumət görsə ki, vətəndaşlar istilik xidmətinin haqqını ödəyə bilmir, o zaman onlara kompensasiya verməlidir: “Tutaq ki, istilik xidməti hər kvadrat metrə görə 50 qəpik olsun, vətəndaş bunu ödəyə bilmirsə, o halda vətəndaşa yaşadığı mənzilin kvadratmetrinə görə hökumət kompensasiya versin. O ki qaldı kommunal xidmətlərin qiymətinin artmasına, nazir artıq ən az istilik xidmətinin qiymətinin artması istiqamətində ictimai rəy formalaşdırmaq üçün çıxış edib. Bu, bir mesajdır, əhalidən yığılan istilik xidmətinin haqqı yəqin ki, yaxın günlərdə Tarif Şurası tərəfindən qaldırılacaq. Bu da ümumilikdə kommunal xidmətin bir qədər də bahalaşmasına gətirib çıxaracaq”.
Ayşən Azadova