Qanunsuz mərc oyunlarını reklam edən məşhurlar cəzalandırılmalıdır
Xəbər verildiyi kimi, Türkiyədə qanunsuz mərc oyunlarının təşviqi ilə bağlı keçirilən əməliyyat nəticəsində müğənni Sərdar Ortaç, teleaparıcı Mehmet Ali Erbil və sosial media fenomenləri də daxil olmaqla 16 nəfər saxlanılıb.
Azərbaycanda da bəzi məşhur simalar "1Xbet", "Mostbet", "Pin-up", "10lineloto" kimi qanunsuz mərc və şans oyunları platformalarını reklam edirlər.
Bu məhşurlar barəsində də tədbirlər görülməlidir?
Məsələ ilə bağlı TNS-ə açıqlama verən sosioloq Elçin Bayramlı bildirib ki, "TikTok" sosial şəbəkəsində vəziyyət çox acınacaqlıdır.
O deyib ki, belə bir əməliyyat Azərbaycanda 10 il əvvəl keçirilməli idi: "Son 10 ildə ölkəmizdə dələduzluq yolu ilə vətəndaşların 100 milyonlarla manatı mənimsənilib. Bu cinayət göz qabağında, sosial şəbəkələrdə çox açıq şəkildə törədilir. İstər internet üzərindən, istər real həyatda müxtəlif metodlarla insanların pullarının mənimsənilməsi prosesi baş verir”.
Sosioloq əlavə edib ki, insanların şəxsi məlumatları hansısa formada ələ keçirilir: “Daha çox işsiz gənclər belə proseslərə cəlb olunurlar. Onlar da asan yolla gəlir əldə etmək xəyalı ilə tələyə düşürlər. Gəncləri təmtəraqlı sözlər, şirnikləndirici vədlərlə aldadırlar. Onlara internet üzərindən rahat gəlir etmələrinə, biznes qurmağa şərait yaradacaqları vədlərini verirlər. Nəticə isə acınacaqlı olur”.
Onun sözlərinə görə, ümumiyyətlə, bütün növ mərc və qumar oyunları rəsmi şəkildə qadağan olunmalıdır: “İstər lisenziyası olsun, istər olmasın, qumar ən ağır cinayətdir. Biz həqiqətən cəmiyyətimizi, xalqımızı dələduzlardan qorumaq istəyiriksə, bu növ bütün oyunlar qadağan olunmalıdır. İnsanları cəlb etmək üçün məşhur adamlardan da istifadə olunur. Həmin məşhur adamları da özlərinin qazanclarından başqa heç bir şey maraqlandırmır. Deməli, milyonlarla insan bunlara inanır, aldanır. Onlar da qumarı açıq-aşkar reklam edir, məsləhət görürlər. Bu şəxslər ağır şəkildə cəzalandırılmalıdır".
Ayşən Azadova