Məktəblərdə ciddi çatışmazlıq – 8 şagirdə 1 kompüter düşür
Elm və təhsil naziri Emin Əmrullayev məktəblərdə hər 8 şagirdə 1 kompüterin düşdüyünü deyib.
Əslində, hələ neçə illər əvvəl hər şagirdə bir kompüter məsələsi hədəf götürülüb. Amma nəzərdə tutulmuş müddət başa çatsa da, hədəfə nail olmaq mümkün olmayıb.
Məktəbdə bütün şagirdləri kompüterlə təmin etmək üçün hansı işlər görülməlidir? Ümumillkdə bu sahədə mövcud vəziyyəti inkişaf etdirmək üçün hansı addımların atılması vacibdir?
Mövzu ilə bağlı TNS-ə danışan təhsil məsələləri üzrə mütəxəssis Kamran Əsədov bildirib ki, Azərbaycanın təhsil sistemində şagirdlərin informasiya-kommunikasiya texnologiyalarına (İKT) çıxışının təmin edilməsi məqsədilə müxtəlif təşəbbüslər irəli sürülüb.
O qeyd edib ki, “Hər şagirdə bir kompüter” layihəsi də bu təşəbbüslərdən biridir: "2012-ci ildə qəbul edilən “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasında bütün şagirdlər üçün fərdi kompüter təminatının yaradılması hədəfi qoyulmuşdu. Bu, təhsil sistemində rəqəmsallaşmanın inkişafı və şagirdlərin müasir texnologiyalara inteqrasiyasının təmin olunması üçün əsaslı bir addım kimi təqdim edilmişdi. Lakin illər keçsə də, bu məqsəd tam şəkildə reallaşdırılmayıb.
Hazırda, rəsmi statistikaya əsasən, Azərbaycanda hər 8 şagirdə bir kompüter düşür. Bu, əvvəlki illərlə müqayisədə müəyyən irəliləyişin olduğunu göstərir. Məsələn, 2020-ci ildə hər 18 şagirdə bir kompüter düşürdü, 2023-cü ildə isə bu nisbət 11 şagirdə bir kompüter səviyyəsinə endirildi. Buna baxmayaraq, “hər şagirdə bir kompüter” hədəfi ilə müqayisədə bu göstərici hələ də aşağıdır və beynəlxalq standartlara cavab vermir".
Mütəxəssis bildirib ki, İKT təminatı ilə bağlı vəziyyəti qiymətləndirərkən yalnız kompüter sayını deyil, digər amilləri də nəzərə almaq lazımdır: "Azərbaycanda məktəblərin əksəriyyəti müasir texnologiyalarla təchiz olunmayıb, kompüterlərin çoxu köhnə modeldir və şagirdlərin tədris ehtiyaclarına tam cavab vermir. Bundan əlavə, internetin keyfiyyəti və əlçatanlığı məsələsi də ciddi problem olaraq qalır. Xüsusilə regionlarda və kənd məktəblərində internetə çıxış səviyyəsi aşağıdır. Bu, şagirdlərin onlayn resurslara və rəqəmsal təhsil imkanlarına çıxışını məhdudlaşdırır.
Beynəlxalq təcrübəyə nəzər saldıqda inkişaf etmiş ölkələrdə hər şagirdə bir kompüter təmin edilməsi artıq təhsil siyasətinin əsas tərkib hissəsidir. Məsələn, Estoniya, Finlandiya və Cənubi Koreya kimi ölkələrdə bütün şagirdlər fərdi kompüterlərə malikdir və bu, təhsilin keyfiyyətinə birbaşa təsir edir. Bu ölkələrdə həmçinin müəllimlərin İKT bacarıqları inkişaf etdirilir və məktəblər müasir texnologiyalarla tam təchiz olunur. Azərbaycan isə bu baxımdan hələ də geri qalır. Rəqəmsallaşma prosesini sürətləndirmək üçün ciddi tədbirlər görülməlidir".
Kamran Əsədov “hər şagirdə bir kompüter” hədəfinin gerçəkləşdirilməsi üçün aşağıdakı təklifləri irəli sürüb:
1. Maliyyələşmənin artırılması: Təhsil sistemində rəqəmsal texnologiyaların tətbiqinə daha çox vəsait ayrılmalıdır. Dövlət büdcəsindən elm və təhsilə ayrılan vəsait artırılmalı, bu sahəyə xüsusi diqqət yetirilməlidir.
2. Regionlar üçün xüsusi proqramlar: Regionlarda və kənd məktəblərində kompüter və internet təminatının artırılması üçün xüsusi proqramlar həyata keçirilməlidir. Regionlar arasında rəqəmsal bərabərsizlik aradan qaldırılmalıdır.
3. Kompüterlərin modernləşdirilməsi: Məktəblərdəki köhnə kompüterlər müasir modellərlə əvəzlənməli, həmçinin müntəzəm olaraq texniki dəstək və təmir xidmətləri təmin edilməlidir.
4. Müəllimlərin İKT bacarıqlarının artırılması: Rəqəmsal təhsilin keyfiyyətini artırmaq üçün müəllimlərin İKT bacarıqları inkişaf etdirilməli, onlara yeni texnologiyalardan istifadənin tədrisi ilə bağlı təlimlər təşkil olunmalıdır.
5. Beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsi: İnkişaf etmiş ölkələrin rəqəmsal təhsil təcrübələrindən faydalanmaq üçün beynəlxalq layihələr və əməkdaşlıqlar genişləndirilməlidir.
Mütəxəssis son olaraq vurğulayıb ki, rəqəmsal texnologiyalara çıxışın təmin edilməsi yalnız texniki avadanlıqla məhdudlaşmır: “İnfrastrukturun inkişafı, müəllimlərin hazırlığı və şagirdlərin rəqəmsal bacarıqlarının artırılması bu prosesin vacib elementləridir. Hər bir şagirdin fərdi kompüterlə təmin edilməsi üçün dövlət səviyyəsində daha genişmiqyaslı tədbirlərin görülməsi və uzunmüddətli strategiyaların hazırlanması zəruridir. Bu, təkcə təhsil sisteminin deyil, həm də ölkənin rəqəmsal iqtisadiyyatının inkişafına əhəmiyyətli töhfə verəcək".
Aygün