Close

Saxta yolla əlillik alanlar - Kimin haqqında düzgün qərar qəbul olunmasa...

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 2021-2022-ci illər ərzində 207 mindən çox saxta əlillik təyinatı ilə bağlı dövlət vəsaitini mənimsəmək faktının qarşısının alındığını deyib.

Bu il 40 min şəxsə əlillik təyin edildiyini deyən nazir onlardan yarısının təkrar, yarısının ilk dəfə təyinatının aparıldığını açıqlayıb.

207 mindən çox saxta əlillik təyinatı ilə bağlı fakt kifayət qədər böyük rəqəmdir.

Digər tərəfdən əlillik almağa çalışanlarla alanların sayını müqayisə etdikdə ortaya ciddi fərq çıxır. Doğrudanmı bu 200 minin hamısı ehtiyac olmadığı halda, əlillik adı almağa çalışıb?

Hazırda kifayət qədər insan heç bir iş qabiliyyəti olmadığı halda, əlillik təyinatı ala bilmir. Əlillik təyinatı almaq istəyənlər arasında xəstəliyi həmin çərçivədən kənarda qaldığı üçün saxta sənədlərə müraciət edənlər ola bilərmi?

Mövzu ilə əlaqədar TNS-ə danışan Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru, hüquqşünas Sahib Məmmədov bildirib ki, xəstə olmaq hələ əlil olmaq demək deyil: "Yeni əlillik meyarlarına görə 30 faizə qədər xəstəliyi olanlar əlil hesab olunmur. Meyarlar 31-61, 61-81, 81-100 faizlik göstərici ilə gedir. İnsanda xroniki, hansısa ortopedik xəstəlik ola bilər və s. Amma bu xəstəliklər əlillik üçün əsas verirmi, yoxsa yox? Bunu müvafiq orqanlar müəyyənləşdirməlidir. Ola bilər ki, kiminsə haqqında düzgün qərar qəbul olunmaz. Həmin şəxs məhkəməyə də müraciət edə bilər. Təkrar müayinə imkanları var".

Mütəxəssis bildirib ki, prosesdə yalnız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iştirak etmir: "TƏBİB-in strukturları, müvafiq nazirliklərin tibb sahələri var. Xəstələr bütün prosesləri keçdikdən sonra Sosial Xidmətlər Agentliyi burada rol alır. Amma lazım gəlsə, onlar özləri də müayinə təşkil edirlər. Biz də, İctimai Şura üzvü kimi, dəfələrlə təkrar müayinələrdə iştirak etmişik. Şikayət edənlər üçün Agentlik mütləq müvafiq şəraiti yaradır".

Aygün