“Diplomu tanınmayan məzunlar ali təhsil almış sayılmırlar”
“Xaricdə təhsil alıb gəlmiş tələbələrimizin diplomlarının tanınmamasının əsas səbəblərindən biri onların qəbul olunduğu ali təhsil müəssisələri ilə bağlı məlumatsız olmasıdır”.
Bunu TNS-ə təhsil eksperti Adil Vəliyev deyib.
Təhsil eksperti qeyd edib ki, diplomu tanımayan universitetlərin siyahısı Elm və Təhsil Nazirliyi tabeliyində olan Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən paylaşılır: “Azərbaycanda xarici təhsil formasının hər iki növü (əyani və qiyabi) tanınır. Bir məlumatı qeyd edim ki, xaricdə təhsil şirkətləri qəbul vaxtı abituriyentləri distant təhsil almaq imkanları ilə bağlı təşviqedici vədlər verilər. Təəssüf ki, bu tip vədlərlə tələbələri və abituriyentləri aldadırlar ki, distant təhsil aldıqları müddətdə onların diplomu tanınacaq.
Düşünürəm ki, abituriyentlər, tələbələr və valideynlər ümumiyyətlə, ictimaiyyət xaricdə təhsil ilə bağlı maarifləndirilməlidir”.
Ekspert Azərbaycanda ali təhsil müəssisələrinə qəbul ola bilməyən abituriyentlər barəsində də danışıb: “Bəzən övladı ölkəmizdə ali məktəbə qəbul ola bilməyə valideynlər tələsik xaricdə təhsil şirkətlərinə üz tuturlar. Bu zaman da valdeyinlər vaxt aldadılır. Xaricdə təhsil alan tələbə Azərbaycana geri dönəndə isə onların diplomu tanınmır. Diplomu tanınmayan şəxslər ali təhsil almış sayılmırlar. Bütün abituriyentlərə və tələbələrə tövsiyə edərdim ki, xaricdə ali təhsil almaq istədikləri universitet, diplomunun tanınıb-tanınmaması barədə ətraflı məlumat əldə etdikdən sonra qərarlarını versinlər”.
Ayşən Azadova