Vəfat edən şəxsin vergi borcu necə ödənilir? - Açıqlama
Azərbaycanda sahibkarlıqla məşğul olan istənilən şəxs vergi ödəyicisidir və əldə etdiyi gəlirin vergisini ödəməlidir. Vergi borcu yaranan şəxs məsuliyyət daşıyır. Qanunvericiliyə görə, həmin şəxs vergidən yayınmış hesab edilir və buna görə də məsuliyyətə cəlb edilir.
Bəs, vergi borcu olan şəxs vəfat edərsə, bu halda yaranmış vergi borcunu kim ödəyir?
Məsələ ilə bağlı TNS-ə açıqlama verən hüquqşünas, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Ziya Qənbərov bildirib ki, vəfat etmiş fiziki şəxsin vergi öhdəliklərini onun varisi (varisləri) miras qalan əmlakın dəyəri hüdudlarında və mirasın alındığı tarixdəki payına mütənasib şəkildə ödəyirlər: “Varis olmadıqda, vəfat etmiş fiziki şəxsin vergi öhdəlikləri silinir, ləğv edilir. Əgər vəfat etmiş şəxs hansısa şirkətin, məhdud məsuliyyətli cəmiyyətin rəhbəridirsə və rəhbər dünyasını dəyişibsə, bu halda həmin vergi borcu şirkətin öhdəliyi hesab edilir və həmin borcu şirkət ödəyir. Əgər vergi ödəyicisi fiziki şəxsdirsə, onun vergi ödədiyi VÖEN-ə bağlı hansısa əmlakı və ya bank hesabı varsa, ödənilməmiş vergi həmin əmlak və ya bank hesabından tutulur. Şəxsin əmlakı, bank hesabı və vərəsəsi yoxdursa, vergi borcu silinir”.