“Xalq Cəbhəsi” qəzetinin yaranmasından 23 il ötür
Azərbaycanın çap mediasında öz dəsti-xətti, mövqeyi ilə seçilən “Xalq Cəbhəsi” qəzeti 23 yaşını geridə qoydu. Qəzetin ilk nömrəsi 20 noyabr 2001-ci ildə çapdan çıxıb.
Amalı Azərbaycanın bütövləşməsi, dövlət və dövlətçiliyə, müstəqilliyimizin qorunub saxlanmasına, millətə, xalqa xidmət olan “Xalq Cəbhəsi” bu gü də öz yolunda inamla addımlayır.
Qəzetin baş redaktoru Əli Zülfüqaroğlu öz təəssüratlarını TNS-lə bölüşüb.
Baş redaktor bildirib ki, 23 il ayaqda qalmaq və milli mətbuatımızın ənənələrinə sadiqlik nümayiş etdirmək kifayət qədər ciddi nəticədir: “Bütöv Azərbaycan ideologiyasının sadiq təbliğatçılarından olan “Xalq Cəbhəsi” fəaliyyət göstərdiyi müddət ərzində milli dövlətçilik ənənələrinə sadiq olub, milli məsələlərə həssas yanaşıb və daim peşəkarlıq nümayiş etdirib. Bu illər ərzində qəzetdə fəaliyyət göstərmiş çoxsaylı peşəkar və tanınmış jurnalistlər bu gün müxtəlif mətbuat orqanlarında fəaliyyətlərini davam etdirirlər”.
O, milli dəyərlərin qorunmasında qəzetin önəmini vurğulayıb: “Bu gün dünyada texnologiya sürətlə inkişaf edir. Texnoloji inkişaf həm də bu gün cəmiyyəti təhdid edən “yeni dəyərlər”in daha asan təbliğatının aparılmasına yol açır. Ona görə də bu prosesin müsbət tərəfləri ilə yanaşı, fəsadları da az deyil.
Xüsusilə ideoloji müstəvidə həyata keçirilən qlobal hücumlar ənənəvi dəyərlərin qorunmasını daha aktual edir”.
Əli Zülfüqaroğlu qeyd edib ki, “Xalq Cəbhəsi” qəzeti ideoloji müstəvidə mübarizədə xüsusilə fərqlənir və illərin təcrübəsinə sahib olan peşəkar jurnalisitlərin bu istiqamətdə fəaliyyəti önəm kəsb edir: “Qəzetimiz öz ənənəsi və dəst-xəttinə daim sadiq qalacaq”.
Biz də öz növbəmizdə TNS-in kollektivi adından “Xalq Cəbhəsi” qəzetinin bütün əməkdaşlarını təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq.