İcarəyə avtomobil götürənlərin nəzərinə: “Bunu edənlər cəzalandırılacaq”
Sosial şəbəkədə yayılan məlumatlara görə, fırıldaqçılar yeni yola əl atıblar. Belə ki, özünü Nazim Böyükzadə kimi təqdim edən şəxs icarəyə götürdüyü avtomobilləri təmir sexlərinə çox ucuz qiymətə satır və aldığı pulla birlikdə yoxa çıxır.
Avtomobillərin icarəyə verilməsi qaydaları sərtləşdirilə bilərmi?
Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Emil Aslanov TNS-in bu barədə sualına cavab olaraq bildirib ki, Mülki Məcəlləyə əsasən, əmlakı icarəyə götürən şəxs icarəyə verənə onun haqqını ödəməyə borcludur: “Daşınar və ya daşınmaz əmlakı icarəyə götürən şəxs qanunla nəzərdə tutulan tələbləri yerinə yetirməlidir. O, müqavilədən kənara çıxırsa, buna görə mənsuliyyət daşıyır”.
Hüquqşünas qeyd edib ki, əmlakı icarəyə göturən onu sahibinin xəbəri olmadan dəyərindən aşağı qiymətə kiməsə satırsa və ya verirsə, dələduzluq yolu ilə əldə etdiyi gəliri öz mənfəəti üçün xərcləyirsə, həmin şəxs cinayət mənsuliyyətinə cəlb olunur: “Qeyd etdiyim bu hallar baş verdikdə əməl dələduzluq sayılır. Cinayət Məcəlləsinin 178-ci maddəsinə uyğun olaraq, 5 min manatdan 50 min manata qədər gəlir əldə edirsə, bu halda dələduzluq edən şəxsi 2 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir”.
Ayşən Azadova