“Məzarlıqların səliqəsinə onlar nəzarət etməlidir”
Məzarlıqların səliqə-sahman məsələsi tez-tez gündəmə gəlir. Bəzən hansısa xarici ölkələrdə səfərdə olan insanlar orada gördüklləri qəbiristanlıqların fotosunu paylaşır və nümunə kimi göstərirlər.
Təəssüf ki, ölkəmizdə məzarlıqlarda səliqəsizlik, nizamsızlıq halları daha çoxdur. Söhbət qəbirüstü abidənin bahalı daşlardan ərsəyə gətirilməsindən yox, dəfn ərazisinə daxil olanda gözə çarpan ümumi görüntünün səliqəsindən gedir.
Müəyyən yerlərdə səliqə-sahman hökumət qurumları tərəfindən həyata keçirilir. Sadə vətəndaşların dəfn olunduğu ərazilərdə isə dünyasını dəyişənlərin yaxınları vəziyyətə nəzarət edir. Amma bəlli bir zamandan sonra baxımsız qalan məzarlar yaranır. Nadir hallarda olsa da, bəzən imkanlı adamlar tərəfindən hansısa ərazilərdə olan qəbiristanlıqların baxımı həyata keçirilir. Təbii ki, bu, kütləvi şəkildə deyil. Ümumillikdə dünyasını dəyişənlərin uyuduğu məkanlarda davamlı nəzarət, daimi səliqə yaradılması vacibdir.
Bəs, bu işi kimlər, hansı qurumlar həyata keçirməlidir?
Deputat Ceyhun Məmmədov mövzu ilə bağlı TNS-ə açıqlamasında bildirib ki, Nazirlər Kabinetinin qərarına əsasən, qəbiristanlıqların idarəsi bələdiyyələrə verilib.
Onun sözlərinə görə, müəyyən yerlər istisna olmaqla, bir sıra yerlərdə işin icrası artıq bələdiyyələrə tapşırılıb: “Bələdiyyələr, ümumiyyətlə, qəbiristanlıqlarda dəfnin həyata keçirilməsi, eləcə də yerlərlə bağlı müəyyən rüsumlar alır. Bu zaman məsuliyyəti məhz bələdiyyələr daşıyır. Ola bilər ki, özləri müəyyən bir məbləğ də nəzərdə tutsunlar və bunun əsasında müvafiq addımlar atılsın”.
Ceyhun Məmmədov bildirib ki, qəbiristanlıqların səliqə-sahman məsələsi olduqca önəmlidir: “Adətən dünyasını dəyişən insanların doğmaları, yaxınları məzarların ətrafındakı təmizliyə, səliqəyə diqqət edir. Amma bu, uzun illər davam etmir. Ona görə qəbrisitanlığa kim nəzarət edirsə, onlar bu prosesə də nəzarət etməlidirlər. Müəyyən yerləri çxmaq şərtilə, bəzi yerlərdə dəfn üçün çox böyük məbləğ istənilir və alınır. Həmin məbləğlərdən bu istiqamətə də vəsaitlər yönəltmək olar. Bu barədə ciddi şəkildə düşünməliyik və müvafiq strukturlar prosesə nəzarət etməli, ciddi addımlar atılmalıdır ki, qəbrisitanlıqlarda xoşagəlməz mənzərələr, səliqəsizlik yaranmasın”.
Aygün