Close

22:25
16 Noyabr 2024

Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz!

Müxtəlif tekstil firmaları uşaqlar üçün canlı rənglər, əyləncəli və qəşəng paltarlar, sviterlər və s. paltarlar istehsal edir. Çeşid çox olduğundan müştərilər bəzən seçim etməkdə çətinlik çəkirlər.

Mütəxəssislər isə vurğulayır ki, uşaqlar üçün paltar seçərkən sağlam məhsulların prioritet olmasına diqqət yetirilməlidir. Ondan sonra onun gözəl olub-olmamasına qərar verilə bilər.

Çünki uşaqların dərisi böyüklərdən daha həssas və zərif olduğu üçün seçilən paltarlara diqqət yetirmək çox vacibdir. İstehsalında istifadə olunan boyadan tutmuş, teksturasına və parçasına qədər uşaqlar üçün seçilən geyim allergik reaksiyaya səbəb ola bilər.

Uşaq geyimi alarkən ilk nələrə diqqət edilməlidir?

Həkimlər deyir ki, paltar seçərkən ilk növbədə uşaqların sağlamlığı prioritet olmalıdır. Belə ki, anbarda hər hansı səbəbdən çirklənməyə məruz qalan paltarlar, ikinci əl geyimlər, eləcə də keyfiyyətsiz materialdan hazırlanan paltarlar nəinki uşaqlarda, böyüklərdə də ciddi problemlər yarada bilər.

Pediatr Vaqif Qarayev TNS-ə verdiyi məlumatda bildirib ki, hər zaman xüsusilə satışda olan ikinci əl geyimlər barəsində narahatlıq, narazılıq çox olur.

Onun sözlərinə görə, bu, təkcə bizdə deyil, Avropda da ciddi narahatlıq yaradan məsələlərdəndir: “Məsələn, ikinci əl geyimlərdə infeksiya ola bilir, allergiya, dermatit kimi problemlərə yol açır”.

Həkim bildirib ki, uşaqlara geyim seçərkən xüsusilə diqqətli olmaq lazımdır: “Elə geyim olmalıdır ki, dəri rahat nəfəs ala bilsin. Məsələn, sintetik geyimlərdə geyimlə dərinin arasında hava ventilyasiyası olmur. Ona görə bu cür geyim qışda bədəni soyudur, yayda isə əksinə, ifrat istilik yaradır. Allergiya problemi olan böyüklərə, uşaqlara sintetik materialdan geyimlər geyinmək qətiyyən olmaz. Uşaqlara ancaq pambıqdan və kətandan hazırlanmış paltar geyindirilməlidir. Valideynlər birmənalı şəkildə sintetik geyimlərdən əl çəkməlidir. Paltarların yuyulması və saxlanması bilavasitə uşaq dərisi ilə bağlı olduğundan uşaq paltarları düzgün üsullarla təmizlənməlidir”.

Bundan əlavə, mütəxəssislər vurğulayır ki, geyim uşağın fiziki sağlamlığı ilə yanaşı, psixi sağlamlığına da təsir göstərir. Onların oyun zamanı geyindiyi uyğun və rahat paltar əzələlərin və sümüklərin hərəkətini asanlaşdırır, uşağın özünə inam hissinin inkişafına töhfə verir, uşağı daha aktiv və xoşbəxt edir.

Aygün