COP29-un gənc idarəçiləri: könüllülər necə seçiliblər?
Dünyanın ən mötəbər tədbirlərindən olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası davam edir.
Azərbaycanın ev sahibliyi etdiyi COP29-a dünyanın müxtəlif ölkələrindən on minlərlə iştirakçı qatılıb. Tədbirdə iştirak edən xarici qonaqlar çıxışlarında, açıqlamalarında, sosial media hesablarındkı paylaşımlarda təşkilatçılığın yüksək səviyyədə olduğunu bildirirlər.
Maraqlıdır, COP29-un gənc könüllüləri işlərinin öhdəsindən mecə gəlirlər?
TNS-in bu barədə suallarını cavablandıran COP29 Əməliyyat Şirkətinin İşçi Qüvvəsi Departamentinin direktoru Atif Qəmbərov bildirib ki, bu, indiyədək ölkəmizdə keçirilən ən böyük beynəlxalq tədbirdir.
Departamentin direktoru qeyd edib ki, böyük tədbirlərin təşkili könüllülərin iştirakı olmadan mümkün deyil: “Könüllülər hər zaman olduğu kimi, müxtəlif sahələrdə fəaliyyət göstərərək tədbirin ən yüksək səviyyədə təşkil olunmasına dəstək verirlər. COP29 tədbirində könüllülərin ümumilikdə 17 şöbə üzrə 35 fərqli rolda fəaliyyət göstərməsi planlaşdırılıb. COP29 könüllüləri hava limanında qonaqların qarşılanması prosesindən onların hotellərə yerləşdirilməsinə və Bakı Olimpiya Stadionunda dəstək göstərilməsinə qədər fərqli sahələrdə aktiv fəaliyyət göstərirlər. Xüsusilə qeyd etmək istərdim ki, könüllülərimiz təkcə qonaqlara deyil, həm də əməkdaşlarımıza və BMT nümayəndələrinə işlərin uğurla aparılmasında yaxından dəstək olurlar”.
Atif Qəmbərov bildirib ki, COP29-da ümumilikdə 3000 nəfər könüllü iştirak edir: “29 may tarixində qeydiyyat elan edildikdən sonra 24 saat ərzində COP29 könüllülər proqramına 9 mindən çox insan müraciət etdi və ümumi müraciətçi sayı 16 mini keçdi”.
Direktor deyib ki, planlama mərhələsinin nəticəsi olaraq tədbir üçün məhz 3 min könüllü seçilib: “Seçim prosesində müraciətçilərin qeydiyyatlarının yoxlanması, müsahibələr, ümumi və rol təlimləri olmaqla dörd fərqli mərhələ tətbiq olundu. Müsahibələrdə könüllülərin motivasiyası, xarici dil bilikləri və komandada iş bacarıqları qiymətləndirildi, bəzi sahələr üçün isə xüsusi təcrübələrə də diqqət yetirildi. Təlim mərhələlərindən keçən könüllülər daha sonra departamentlərin komandalarına təhkim edildilər”.
Ayşən Azadova