SABAH qruplarında təhsil almağın hansı üstünlükləri var?

Azərbaycanda ilk dəfə 2014-cü ildə yaradılan SABAH qruplarının yaranmasından 10 il ötür.
Prezident İlham Əliyev bu gün ali təhsildə yeni məzmunlu təhsil proqramlarının əhatə dairəsinin genişləndirilməsi və maliyyələşdirilməsi barədə Sərəncam imzalayıb.
Sərancamda qeyd olunub ki, ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə yaradılmış və 2014-cü ildən fəaliyyətə başlayan SABAH proqramı çərçivəsində ali təhsil sistemində yeni məzmunlu proqramların tətbiqi təcrübəsi özünü doğruldur. Bu proqram çərçivəsində tədrisin mütərəqqi forma və metodlarının tətbiqi, ixtisas üzrə kompetensiyalara tam yiyələnmənin təmin olunması, dərinləşdirilmiş xarici dil tədrisi, tələbələrə əlavə təqaüd verilməsi, onların xarici mübadilə proqramlarında iştirakı imkanlarının artırılması, tələbəyönümlü tədrisin və tədrisdənkənar fəaliyyətin təşkili kimi üstünlüklər gənclərin ali təhsilin yeni məzmunlu təhsil proqramlarına marağını daha da artırıb.
Sərəncamla SABAH proqramının əhatə dairəsinin 2025‒2026-cı tədris ilindən başlayaraq mərhələlərlə 2028-ci ilədək genişləndirililməsi, SABAH proqramı ilə təhsil alan tələbələrin təhsil xərclərinin maliyyələşdirilməsi müvafiq illərin dövlət büdcəsində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi üçün nəzərdə tutulmuş məqsədli vəsaitlər hesabına təmin edilməsi nəzərdə tutulur.
TNS xatırladır ki, SABAH qruplarının yaradılması ideyası Azərbaycan Respublikasının o vaxtki təhsil naziri, Azərbaycanın təhsilində tətbiq olunan bir sıra yeniliklərin təşəbbüsçüsü Mikayıl Cabbarova məxsusdur.
SABAH abreviaturasının açılışı savadlı, bacarıqlı, hazırlıqlı deməkdir.
2014-cü ildə Azərbaycanın ali təhsil tarixində ilk dəfə tətbiq olunan SABAH qrupları layihəsində məqsəd xüsusi istedadı ilə seçilən və təhsildə göstəriciləri ilə fərqlənən tələbələrə yüksək keyfiyyətli təhsil almaq üçün əlverişli şəraitin yaradılması olub. Ali məktəb kollektivləri, müəllim və tələbələr tərəfindən də yüksək rəğbətlə qarşılanan bu layihə çərçivəsində həmin il 688 tələbə seçilərək SABAH qruplarına daxil edilib və onlar 7 ali təhsil müəssisəsində tədrisə başlayıb.
SABAH qruplarına Azərbaycan Respublikası Elm vəTəhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrində müəyyən edilmiş ixtisaslar üzrə əyani formada təhsil alan, birinci tədris ilinin I semestrinin nəticələrinə görə akademik borcu olmayan və orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 61-dən aşağı olmayan Azərbaycan Respublikası vətəndaşları müraciət edə bilər.
Qeyd edək ki, 2023–2024-cü tədris ilində 43 ixtisas üzrə 1 324 tələbə SABAH tələbəsi adını qazanıb. Ümumilikdə 3 038 tələbə bakalavriat, 874 tələbə isə magistratura üzrə təhsil alıb.
Ötən tədris ilində 10 ali təhsil müəssisəsi və 31 ixtisas üzrə 727 bakalavr, 8 ixtisas üzrə 339 magistr SABAH qruplarından məzun olub.
2023–2024-cü tədris ilində Bakı Dövlət Universitetində biotexnologiya, Azərbaycan Dövlət İqtisad Universitetində biznesin idarə edilməsi, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində cihaz mühəndisliyi, Azərbaycan Texniki Universitetində elektrik və elektronika mühəndisliyi ixtisasları üzrə SABAH qrupları açılıb.
2024–2025-ci tədris ilində Qarabağ Universitetinin bakalavriat səviyyəsində SABAH qruplarına tələbə qəbulu aparılıb.
SABAH-da təhsil almağın üstünlükləri belədir:
SABAH qruplarının tələbələri üçün əlavə təqaüd
Ödənişsiz yataqxana
Xarici mübadilə proqramlarında iştirak imkanı
Müasir müəssisə və şirkətlərdə ixtisas təcrübəsi
Tədrisin təşkilində mütərəqqi forma və metodlar
İxtisas üzrə kompetensiyalara tam yiyələnmə
Dərinləşdirilmiş xarici dilin tədrisi
Tədrisdənkənar fəaliyyət
Xatırladaq ki, Yunanıstanın Rodos adasında təşkil edilən şahmat üzrə şəxsi Avropa çempionatında qızıl medal qazanan ilk azərbaycanlı xanım Ülviyyə Fətəliyeva da SABAH məzunudur.
Aygün