Bu yağlar qaraciyəri sıradan çıxarır – Bulanıq, çöküntülü məhsullar...
İspaniyalı elm adamlarının apardığı araşdırma zamanı günəbaxan və balıq yağlarının qaraciyər iltihabı yaratdığı müəyyənləşib. Ölkəmizdə də sıx şəkildə istifadə olunan bu yağlar həqiqətən təhlükə mənbəyi sayılırmı?
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyindən TNS-nin sorgusuna cavab olaraq bildirilib ki, istər yerli istehsal, istərsə də idxal olunan bütün qida məhsulları kimi, yağların da keyfiyyətinə ciddi nəzarət olunur.
“Agentliyin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarında yağların tərkibi həm keyfiyyət, həm də təhlükəsizlik göstəriciləri üzrə müayinələrə cəlb olunur. Yekunda yalnız tələblərə cavab verən məhsulların satışına icazə verilir. Agentlik istehlakçılara bitki yağı alarkən bəzi məqamlara diqqət yetirməyi tövsiyə edir. Bunlardan biri yalnız yağlar üçün deyil, digər qida məhsulları üçün də keçərli olan etiket göstəriciləri və son istifadə tarixidir. Belə ki, son istifadə tarixi keçmiş məhsullar keyfiyyətli hesab olunmur. Eyni zamanda bitki yağları işığın, istiliyin təsirindən də öz keyfiyyətini itirə bilər”, - deyə agentlikdən bildirilib.
Agentlik istehlakçılara tövsiyə edib ki, marketlərdə yağları seçən zaman birbaşa günəş təması olmamasına diqqət yetirsinlər: “Bununla yanaşı, bitki yağlarının rəngi şəffaf, duru və çöküntüsüz olmalıdır. Agentlik bir daha istehlakçıları bu cür qida məhsullarını alarkən, etiket məlumatları ilə tanış olmağı, o cümlədən etiketi üzərində göstərilən saxlama şəraitinə əməl edilməsinə, yararlılıq müddətinə diqqət yetirilməsini tövsiyə edir. Həmçinin istehsalçı müəssisə tərəfindən məhsulun təyinatı ilə bağlı tövsiyələrə uyğun (salat, qızartma və ya yemək istifadəsi) istifadəsinə düzgün əməl edilməsi vacibdir. İstehlakçılar qida məhsulları ilə bağlı sualları yarandığı təqdirdə Agentliyin 1003 qaynar xəttinə zəng edə bilərlər”.
Aşən Azadova