Close

21:00
14 Noyabr 2024

Dəm qazı faciələri - Günahkar kimdir?

Hər il havaların soyuması dəm qazından zəhərlənmə və boğulma halları da artır.

Bu problemin həlli nədir?

Məsələ ilə bağlı TNS-ə açıqlama verən təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev bildirib ki, qaz təsərrüfatı harada varsa, orada təhlükəsizlik məsələsi hər zaman ön plandadır.

Ekspertin sözlərinə görə, qazın fiziki və kimyəvi xassəsi yanır, partlayır, düzgün istismar olunmadıqda ölümə səbəb olur. Ona görə mütləq qaz təsərrüfatı olan evlərdə dəm qazı əleyhinə detektor olmalıdır: “Qaz sızması əleyhinə olan detektor hər hansı bədbəxt hadisə zamanı xüsusi  siqnalı vasitəsilə ətrafa məlumat yayır.

Bu detektor aktiv olduqda sızma zamanı klapan bağlanır və qazın təchizatı dayanır. Belə olan halda insanlar bədbəxt hadisənin qurbanı olmaqdan qurtulur. Otaqda quraşdırılan qaz cihazlarına görə də otağın böyüklüyü nəzərə alınmalıdır. İki göz qaz sobası üçün otağın ölçüləri minimum 8, üç gözlü qaz sobası üçün 12, dörd gözlü qaz sobası üçün isə 15 kvadrat metr olmalıdır. Hər bir evdə standartlara uyğun tüstü bacaları mütləq quraşdırılmalıdır. Bunu insanlar özləri də yoxlaya bilərlər, tüstü bacaları bəzən illərlə təmizlənmir. Təhlükəsizlik qaydalarına düzgün əməl edilsə, dəm qazının qurbanlarının sayı azalar”.

Ekspert boğulma hallarının əsasən, hamam otaqlarında olduğunu bildirib və bunun səbəblərini belə izah edib: “Bir çox evin hamam otağında qaz cihazı var. Amma təhlükəsizlik baxımından hamam otaqlarında qaz cihazının quraşdırılması məqsədəuyğun deyil. Qazla işləyən cihazlar quraşdırılan yerlərdə mütləq havalandırma, ventilyasiya, tüstü bacası işlək vəziyyətdə olmalıdır”.

Ayşən Azadova