Close

09:26
14 Noyabr 2024

Tələbələrin aqibəti necə olacaq? - Qiyabi təhsil ləğv edilsə…

Qiyabi təhsilin ləğv olunacağı deyilir. Bu mümkündürmü? Qiyabi təhsil alan tələbələrin aqibəti necə olacaq?

Məsələ ilə bağlı TNS-ə açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, qiyabi təhsil tamamilə ləğv oluna bilməz: “Təhsil qanunvericiliyində ölkəmizdə hazırda əyani, qiyabi və ya distant formada tədris nəzərdə tutulur. Distant təhsil hələ də keçərli deyil. Bu məsələ qanunda öz əksini tapsa da, hələ müxanizmin tətbiqinə başlanılmayıb. Ölkədə əsasən əyani təhsilə üstünlük verilir. Bəzilə isə qiyabi təhsili seçir. Əlbəttə ki, əyani təhsilin üstünlükləri çoxdur. Əyani təhsildə tələbələr nəzəri bilikləri daha dərindən öyrənir, o cümlədən daha uzunmüddətli təcrübə keçmək imkanları əldə edirlər. Qiyabi təhsilə əsasən, işləyənlər, o cümlədən ailə həyatı qurmuş, amma yenə də təhsil almaq istəyən vətəndaşlarımız üstünlük verir. Düşünmürəm ki, qiyabi təhsil tamamilə ləğv oluna bilər. Müəyyən ixtisaslarda qiyabi təhsil qalacaq. Laboratoriya təcrübəsi və nəzəri biliklərin yerində tətbiqinin tələb olunduğu ixtisaslarda qiyabi təhsil yəqin ki, mümkün olmayacaq. Həmin ixtisaslarda qiyabi təhsil ləğv oluna bilər. Bu il ali təhsil müəssisələrinin bakalavr pilləsinə keçirilən müsabiqədə biz gördük ki, artıq bir neçə universitet məhz bu kateqoriyaya daxil olan qiyabi ixtisasları ləğv edib. Yalnız bir sıra universitetdə bəzi ixtisasların qiyabi şöbələri mövcuddur”.

Elçin Əfəndi qeyd edib ki, daha çox əyani təhsilə üstünlük verilməlidir: “Qiyabi təhsil hansısa ixtisaslarda ləğv olunacaqsa, tələbələr əyani ixtisaslara köçürülə bilərlər”. 

Ekspertin fikrincə, qiyabi təhsilin tam ləğv olunacağı barədə deyilənlər əsassızdır: “Bəzi ixtisaslarda qiyabi təhsil mütləqdir”.

Ayşən Azadova