Deputat: "Arkoz"un fəaliyyəti təqdirəlayiqdir"

Xəbər verdiyimiz kimi, “Arkoz Sement Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycanın qərb bölgəsində şəhid ailələri üçün inşa etdiyi daha bir evin açılışı olub.
44 günlük Vətən Müharibəsində qəhərəmancasına şəhid olan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstəsinin giziri Sərxan Abdullayevin ailəsi üçün Ağstafa rayonunun Dağ Kəsəmən kəndində tikilən evin açılış mərasimində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Milli Məclisin deputatları Səməd Seyidov, Ülviyyə Ağayeva, "Arkoz Qazax Sement Zavodu" MMC-nin rəhbərliyindən Mücahit Uçar, şəhidin ailə üzvləri və yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə iştirak edən deputat Səməd Seyidov TNS-ə açıqlamasında şirkətin bu addımını yüksək qiymətləndirib: “Şəhid ailələrinə, qazilərimizə qayğı təkcə hökumət yox, cəmiyyət tərəfindən də göstərilir. Bu nöqteyi-nəzərdən “Arkoz” şirkətinin fəaliyyəti təqdirəlayiqdir. Mən təqdimetmə mərasimində iştirak etdim. Həqiqətən çox gözəl bir evdir. Hesab edirəm ki, bu kimi tədbirlər davam etdirilməlidir”.
Qeyd edək ki, şəhid ailəsinin “Arkoz Qazax Sement Zavodu” MMC-yə müraciəti cavabsız qalmayıb, qısa müddət ərzində onlar üçün müasir tələblərə cavab verən ev tikilib və yeni mebel avadanlıqları ilə təchiz edilib.
Fəaliyyətə başladığı ilk gündən tikinti sektorunda fərqlənməyi qarşıya məqsəd qoyan “Arkoz Qazax Sement Zavodu” Azərbaycanın iri sement istehsalçılarından biridir. Müəssisə illərdir ki, böyük layihələrə imza atmaqda davam edir.
Zavod fəaliyyəti dövründə xeyirxah əməlləri ilə hər zaman seçilib, bu bölgədə görülən işlərə öz töhfəsini verib. “Arkoz” fəaliyyət göstərdiyi Qazax rayonunun Daş Salahlı kəndində çoxsaylı sosial layihələr icra edib. Zavod tərəfindən 2017-ci ildə Daş Salahlı kənd 2 saylı Uşaq bağçası və 3 saylı Körpələr evi-uşaq bağçası əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib.
Şirkət tərəfindən Daş Salahlı kəndində yerləşən Şəhidlər Xiyabanına gedən yola yeni asfalt örtük salınıb, Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, eləcə də “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuş Qazax rayonunun Qazaxbəyli kənd sakini, 3-cü dərəcəli Vətən Müharibəsi əlili Rəhimov Fəqan Fazil oğlunun yaşadığı ev əsaslı şəkildə yenidən qurulub.
Bundan başqa, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalmış Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında Xüsusi Vasitələrin Tətbiqi Dəstəsində gizir kimi xidmət etmiş, ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunmuş gizir Əhmədov Elvin Qələndər oğlunun evi də əsaslı şəkildə təmir edilib.