Azərbaycanda 50-ə yaxın saxta plastik cərrah var? - Rəsmi CAVAB
Azərbaycanda 50-ə yaxın saxta plastik cərrahın olması ilə bağlı xəbərlər yayılıb.
TNS-in məlumatına görə bu barədə ANS-in keçmiş jurnalisti, hazırda ABŞ-də yaşayan Qənirə Ataşova sosial şəbəkə hesabında saxta plastik cərrah olduğu iddia edilən 50 nəfərin adını paylaşıb.
O bildirib ki, Səhiyyə Nazirliyinə 30 min manat verib bir gecədə ixtisas dəyişən həkimlərin siyahısı tərtib olunub:
“Səhiyyə Nazirliyinə 30 min manat verib bir gecədə ixtisas dəyişən həkimlətin siyahısı tərtib edilib.
2011-ci ildən sonra Azərbaycanda rezidentura təhsili tətbiq olunub. Qanuna əsasən, rezidenturanı bitirməyənlər ixtisaslı həkim ola bilməz. Amma təqdim etdiyim siyahıdakı həkimlərin heç biri estetik cərrahiyyə üzrə rezidentura təhsili almayıb. Sual yaranır - bəs necə oldu ki, bu adamlar bir gecədə estetik cərrah oldular?”.
Jurnalist qeyd edib ki, siyahını yaymaqda məqsədi heç kimi gözdən salmaq deyil: "İstəyirəm insanlarımız belə “müasir” və “asan” yolla estetik cərrah olan həkimlərə aldanmasın. Əgər əməliyyat etdirmək istəyirsinizsə, seçdiyiniz həkimin təhsilini və peşəkarlığını diqqətlə araşdırın".
Q. Ataşova, həmçinin sözügedən cərrahların daha da inandırıcı görünmək üçün xaricdə qısamüddətli kurslara qatıldıqlarını qeyd edib: “Təsəvvür edin, gedib bir-iki gün xaricdə “təhsil” alır, sonra isə böyük fəxrlə geri qayıdıb, “beynəlxalq sertifikatlı estetik cərrah” olduqlarını iddia edirlər. Amma diqqət edin, bu kurslar adi izləyiciləri də qəbul edir. Yəni, istəsəniz, siz də gedib orada oturub özünüzü “beynəlxalq mütəxəssis” kimi hiss edə bilərsiniz. Sənədlərdəki imzanın müəllifləri Səhiyyə Nazirliyinin Elm və təhsil şöbəsinin müdiri Səidə Rüstəmova və nazirin müavini İlqar Qasımovdur”.
Sözügedən iddialarla bağlı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə sorğu göndərdik.
Qurumun Analitik Ekspertiza Mərkəzindən saytımıza bildirilib ki, plastik cərrahiyyə ixtisası üzrə qeyri-qanuni fəaliyyət göstərən şəxslər barədə Analitik Ekspertiza Mərkəzi tərəfindən (bundan sonra Mərkəz) 25 dekabr 2023-cü il tarixindən 23 fevral 2024-cü il tarixinədək araşdırma və nəzarət tədbirləri görülüb:
“Eyni zamanda bu məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən də müvafiq araşdırma həyata keçirilib.
Siyahıda adları göstərilən şəxslərin qeyd olunan müəssisələrdə fəaliyyətlərinin araşdırılması məqsədi ilə ümumilikdə 35 plandankənar (növbədənkənar) yoxlama aparılıb, aidiyyəti üzrə şəxslərin fəaliyyəti hər bir müəssisədə ayrıca araşdırılaraq müvafiq tədbirlər görülüb. Yekun olaraq, bir neçə müəssisədə adları qeyd olunan şəxslər müəyyən olunmayan, bəzi hallarda əmək müqavilələrinə artıq xitam verildiyi müəyyən edilən, 14 müəssisədə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə intizam tənbeh tədbiri olaraq inzibati cərimə tətbiq edilib. Bir neçə halda fəaliyyəti aşkar olunan şəxslərin həmin müəssisələrdə fəaliyyətinə xitam verilib və ümumilikdə bütün müəssisə rəhbərliklərinə bu istiqamətdə xəbərdarlıq edilib. Mərkəzin səlahiyyətlərinə aid olmayan müəssisələrdə və məlumat natamam olan (və ya qeyri-müəyyən olan) hallarda araşdırma aparılmayıb. Məsələ daimi nəzarət altındadır. Yeni faktlar olduğu halda nəzarət tədbirləri görüləcək”.
Sonda qeyd edilib ki, vətəndaşlar özəl tibb müəssisələrində qarşılaşdıqları mənfi hallarla əlaqəli şikayətləri Analitik Ekspertiza Mərkəzinin “qaynar xətt” (596 05 20) nömrəsinə, www.pharma.az saytının "Müraciət" bölməsinə və ya aem@pharma.az elektron ünvanına bildirsinlər.