Yeni qayda: əmək kitabçalarına ehtiyac olmayacaq
2025-ci il yanvar ayının 1-dək dövlət orqanları olan işəgötürənlər əmək müqavilələrini elektron sənəd formasına keçirməlidirlər.
Belə ki, Nazirlər Kabinetinin 17 sentyabr 2024-cü il tarixli Qərarına əsasən, əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi mərhələli şəkildə (dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər olan işəgötürənlər üçün 2025-ci il 1 yanvaradək, iri, orta, kiçik və mikro sahibkarlıq subyekti olan, habelə sahibkarlıq subyekti olmayan işəgötürənlər üçün 2025-ci il 1 iyuladək, ailə kəndli təsərrüfatları və ailə müəssisələrinin işəgötürənləri üçün 2026-cı il 1 yanvaradək) aparılır.
Proses necə aparılır və bu sahədə nələri dəyişəcək?
Mövzu ilə bağlı TNS-ə açıqlama verən deputat Vüqar Bayramov bildirib ki, qanunvericiliyə edilən dəyişkliyə əsasən, artıq əmək kitabçalarına ehtiyac olmayacaq: “Yeni qaydalara əsasən, əmək müqavilələri onlayn olacaq. Yalnız elektronlaşma həyata keçirilməyən əvvəlki dövrlər üçün əmək kitabçasındakı iş stajı ilə bağlı məlumatlar pensiya yaşı tamam olan zaman təqdim oluna bilər. Amma artıq vətəndaşlar əmək kitabçalarını praktik olaraq iş yerindən götürə bilərlər. Çünki proses elektronlaşır və davam edir. Bu addım bir tərəfdən vətəndaşlara imkan verəcək ki, elektron olaraq öz stajlarını, eləcə də əmək müqaviləsi ilə bağlı öhdəliklərini müəyyənləşdirə, mütəmadi izləyə bilsinlər. Eyniz zamanda bu, prosedurların azalmasına, qısa və az prosedur ilə əmək müqavilələrinin bağlanmasına imkan verəcək”.
Yeniliyin bütövlükdə əmək müqavilələri sahəsində irəliyə atılan bir addım kimi qiymətləndirildiyini deyən Vüqar Bayramov prosesin həm içşilər, həm işəgötürənlər üçün faydalı olduğunu vurğulayıb: “İşəgötürənlər üçün prosedur sayı azalır, işçilər üçün onlayn əmək hüquqlarının qorunması, eyni zamanda əmək müqaviləsindəki şərtlərin elektron izlənməsi baxımından çox önəmlidir. Bu, birmənalı şəkildə işçilərin əmək hüquqlarının daha yaxından qorunmasına imkan verəcək. Sözsüz ki, dövlət qurumları ilə yanaşı, özəl sektorda da bu addımlar atılacaq. Əslində, artıq uzun müddətdir ki, elektron əmək müqavilələrindən istifadə olunduğu üçün bu proses sektor üçün də xeyli dərəcədə asanlaşıb. Bu konteksdə proses həm işəgötürənlər, həm işçilər, eyni zamanda bütövlükdə məşğulluğun leqallaşması baxımından vacib islahatlardan hesab olunur”.
Aygün