Azərbaycanlı alim Özbəkistanın məşhur “Shirchoy” verilişində - FOTO
Noyabrın 2də Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Azərbaycan dilinin tədrisi və təbliği” layihəsi əsasında azərbaycanlı alim, Daşkənd Dövlət Şərqşünaslıq Universitetində Azərbaycan dilini tədris edən fəlsəfə doktoru Mətanət Xudiyeva və həmin universitetin III kurs tələbəsi Feruza Sultanova Özbəkistanın Milli televiziya kanalının “Shirchoy” verilişinin qonağı olublar.
TNS-in məlumatına görə, verilişdə Azərbaycan və Özbəkistan dostluq əlaqələrindən, Azərbaycanın milli adət-ənənələrindən, mədəniyyətindən, mətbəxindən və eləcə də Daşkənd Universitetlərində Azərbaycan dilinin tədrisindən danışılıb. Mətanət Xudiyeva 44 günlük Vətən Müharibəsi zamanı qardaş Özbəkistanın dövlətimizin və xalqımızın daim yanında olduğunu xüsusi vurğulayıb.
Verilişdə həmçinin Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin və Azərbaycan Respublikası Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin birgə layihəsi əsasında “Azərbaycan poeziyasından incilər” müsabiqəsinin keçirilməsi və qaliblərin Bakıya səfəri barədə söhbət açılıb. Müsabiqənin qaliblərindən olmuş Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin III kurs tələbəsi Feruza Sultanova Bakıya səfəri zamanı yadda qalan xoş təəssüratlarından, Azərbaycan xalqının qonaqpərvərliyindən, Azərbaycanın dadlı yeməklərindən danışıb və bu səfərdən çox məmnun qaldığını bildirib.
Verilişdə Azərbaycan və özbək musiqiləri səslənib, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan” rəqs qrupunun ifasında rəqslər ifa olunub, eləcə də azərbaycanlı aşpaz tərəfindən Azərbaycan mətbəxinin dadlı yeməkləri hazırlanıb.