Hansı göbələklər zəhərlidir? – Rəngi və qoxusu tünd olanlar...

Xüsusilə, yaz və payız mövsümlərində göbələkdən zəhələnərək dünyasını dəyişən insanlar olur. Ötən gün Xaçmazda göbələkdən zəhərlənən daha iki nəfər ölüb.
Göbələk bir qida kimi hansı hallarda zəhərlənməyə yol açır?
Mövzu ilə bağlı TNS-ə danışan Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bir sıra vacib məqamlara toxunub: “Göbələkdən zəhərlənmə, əsasən zəhərli göbələklərin təsirindən olur. Zəhərli göbələklər insan orqanizmində bir çox fəsada, hətta ölümə səbəb ola bilir. Göbələkləri tanımayan insanların topladığı, mənşəyi bəlli olmayan yerdən alınan, xüsusilə də meşədən yığılan göbələklər hər zaman risk qrupunda olduğuna görə, yaxşı olar ki, belə göbələklərdən istifadə edilməsin. Bu bitkiləri digərlərindən seçməyin bir neçə üsulu var. Göbələyin zəhərli olduğunu görünüşünə, rənglərinə görə bilmək mümkündür. Daha tünd rəngli, qırmızıya çalan növlər adətən zəhərli olur. Belə göbələklərin iyi daha kəskin, xoşagəlməzdir. Bu da onun yeyilməyən göbələk olduğunu göstərir. Xüsusilə də əgər üzərində ləkələr, örtük varsa, daha rənglidirsə, bunlar da zəhərlilik əlamətlərini göstərə bilər”.
Mütəxəssis bildirib ki, göbələyi mənşəyi bəlli yerlərdən almaq və bişirərkən, saxlayarkən qida təhlükəsizliyinin əsas tələblərindən olan sanitar-gigiyena normalarına əməl etmək vacibdir. Eyni zamanda, yeni bişən göbələkdən istifadə olunmalıdır: “Nəzərə almaq lazımdır ki, bir çox zəhərli göbələk rənginə, quruluşuna görə, zəhərli olmayanlara bənzəyir ki, bu da insanlarda çaşqınlıq yarada bilir. Göbələkdən zəhərlənmə zamanı daha çox qusma, görmə qabiliyyətinin itməsi, mədədə ağrı, bəzən ishal kimi hallar da müşahidə olunur. Bu əlamətlər olanda təxirə salmadan həkimə müraciət etmək məsləhət görülür”.
Aygün