Maaşlar artırılacaq - Minimum əməkhaqqı neçə manat olacaq?
Minimum əməkhaqqının gələn ildən artırılacağı gözlənilir. Hazırda 345 manat olan mimumum əməkhaqqının 400 manat civarında olacağı proqnozlaşdırılır.
Ümumiyyətlə, minimum əməkhaqqı nə qədər arta bilər? Əməkhaqqının artırılmasına paralel olaraq, hansı problemlər ortaya çıxacaq?
Mövzu ilə bağlı TNS-ə açıqlama verən iqtisadçı Natiq Cəfərli mimimum əməkhaqqının 380-390 manata qədər artacağının gözlənilən olduğunu bildirib: “Hazırda mimumum əməkhaqqı 345 manatdır. Əgər 10 faiz artım olarsa, bu, təxminən 35 manat artım deməkdir. Bu zaman məbləğ 380-390 manat civarına qalxa bilər. Yəni, məbləğ 400 manat civarında olacaq, bu, dəqiqdir”.
İqtisadçı minimum əməkhaqqının artması ilə paralel olaraq, ortaya çıxacaq problemi də vurğulayıb: “Minimum əməkhaqqı artan kimi VÖEN-lə çalışan 700-800 minə yaxın insanın Sosial Müdafiə Fonduna ödənişləri avtomatik olaraq qalxır. Bu isə artıq problemə çevrilir. Həmin insanlar minimum əməkhaqqının artımından narahat olurlar. Ona görə də minimum əməkhaqqının VÖEN-lə çalışanların Sosial Müdafiə Fonduna ödənişləri ilə bağlantısı qanunvericilikdən götürülməlidir. Bu zaman proses daha rahat olar”.
Aygün