Dövlət himayəsində yaşayan ahıllar – “Qocalar evi”nə kimlər qəbul edilir?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində hazırda 221 ahıl şəxs dövlət himayəsində yaşayır.
Bu barədə TNS-in sorğusuna cavab olaraq Sosial Xidmətlər Agentliyindən məlumat verilib.
Bildirilib ki, onlardan 112-si kişi, 109-u qadındır. Müəssisənin ən yaşlı sakininin 92 yaşı var.
Məlumatda vurğulanıb ki, müəssisədə son illərdə müasir tələblərə uyğun şərait yaradılıb, həmçinin 5 mərtəbəli 170 yerlik əlavə korpus istifadəyə verilib: “Müəssisədə ahıl sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün tədbirlər, mədəniyyət mərkəzlərinə, müxtəlif istirahət mərkəzlərinə ekskursiyalar, gəzintilər və s. təşkil olunur.
Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinə yaşı 70 və 70-dən yuxarı olan, tamamilə və ya qismən özünəqulluq qabiliyyətini itirən, psixi və yoluxucu xəstəliyi olmayan, eləcə də qulluq edə biləcək yaxın qohum və qanuni nümayəndələri olmayan şəxslər qəbul edilir. Burada onlara stasionar formada sosial xidmətlər göstərilir, onlarla sosial iş aparılır və sosial reabilitasiyası təşkil edilir”.
Qeyd olunub ki, müəssisəyə qəbul olunmaq üçün müraciətlər Agentliyin regional filialları və ya "DOST" mərkəzləri tərəfindən qəbul edilir.
Aygün