Uşaqları ölümə aparan qorxulu oyunlar – Onları necə qorumalıyıq?
“Valideynlər uşaqların hansı oyunları oynadığına nəzarət etməli və onları yaşlarına uyğun oyunlarla məhdudlaşdırmalıdırlar. Psixoloji həssaslığı olan şəxslərə bu cür oyunlardan çəkinməyi tövsiyyə olunmalıdır”.
Bu sözləri TNS-ə Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov deyib.
Psixoloq bildirib ki, qorxulu oyunların insan psixologiyasına təsiri mürəkkəbdir və bir neçə fərqli faktorla bağlıdır.
Bu, oyunların məzmunundan, oynayan şəxsin fərdi xüsusiyyətlərindən, yaş qrupundan, psixoloji vəziyyətindən və oyun oynama müddətindən asılıdır: “Qorxulu oyunlar insan psixologiyasına bir neçə formada təsir göstərir. Bu oyunlar çox vaxt istifadəçilərdə ani qorxu hissi (jumpscare), yüksək stress və narahatlıq yaradır. Uzun müddət qorxu və stresə məruz qalmaq insanların emosional vəziyyətini pozar, bu isə yuxu pozuntularına, narahatlıq və hətta depresiyaya səbəb ola bilər. Digər tərəfdən qorxulu oyunları oynayan istifadəçilərdə real və virtual dünyanın qarışmasına gətirib çıxarar. Uşaq və yeniyetmələr, eləcə də psixoloji durumu həssas olan şəxslər oyun prosesində real həyat ilə virtual həyatı ayırd etməkdə çətinlik çəkə bilər. Bu, onların real həyatda da narahatlıq və qorxu hissini yaşımasına, paranoid davranışlar sərgiləməsinə gətirib çıxarar. Uzun müddət qorxulu məzmunlara məruz qalmaq həssaslığın azalmasına yol açar”.
Psixoloq qeyd edib ki, bu vəziyyət insanın təhlükəli və ya qeyri-etik davranışlara qarşı həssaslığını itirməsinə və daha riskli qərarlar verməsinə gətirib çıxara bilər: “Qorxulu oyunların birbaşa intihara səbəb olduğu barədə qəti bir elmi sübut yoxdur. Bununla belə, bəzi oyunlar müəyyən insanlar üçün risk faktorlarını artıran şərtlər yaradır. Məsələn, depresiya və həyəcan. Psixoloji cəhətdən həssas şəxslər, xüsusilə depressiya, həyəcan və ya digər psixi sağlamlıq problemləri olanlar, qorxulu oyunlara qarşı daha çox həssasdır. Uzun müddət qorxu və stress yaradan oyunlara məruz qalmaq bu insanların mənfi emosiyalarını dərinləşdirə və vəziyyətlərini pisləşdirə bilər. Bununla bağlı digər problem izolyasiya və sosial təcriddir. Qorxulu oyunlara aludə olan şəxslər çox vaxt sosial aləmdən təcrid olunur və özlərini cəmiyyətə yad hiss edər. Sosial təcrid və tənhalıq hissi intihar riskini artıran faktorlar arasında yer alır. Bəzi oyunlar zorakılıq və ya intihar tematikasını açıq şəkildə təşviq etməsə də, bu mövzuları ehtiva edən səhnələr ola bilər. Xüsusilə, uşaq və yeniyetmələr və ya emosional həssas fərdlər üçün bu, təqlid davranışına və ya bu cür fikirlərin şüuraltında dərinləşməsinə gətirib çıxarar. “Mavi Balina” kimi təhlükəli oyunlar gəncləri zərərli fəaliyyətlərə yönləndirən manipulyativ və təhlükəli platformalarla bağlı acı təcrübələr var”.
Elnur Rüstəmovun sözlərinə görə, mütəxəssislər qorxulu oyunlar oynayan şəxslərin, xüsusilə uşaq, yeniyetmə və gənclərin psixoloji vəziyyətinin mütəmadi olaraq izlənilməsini tövsiyə edir.
Ayşən Azadova