Close

Bakıda və Abşeronda leysan həmişə olub – Güclü yağışlar təkrarlanacaqmı?

Bir gün ərzində yağan yağışın Bakıda və Abşeron ərazisində hansı fəsadlara yol açdığı məlumdur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) açıqladığı məlumata görə düşən yağıntının miqdarı Bakının Binə qəsəbəsində 86 mm (aylıq normanın 306 %-i), Maştağada 60 mm (aylıq normanın 150%-i), Pirallahıda 47 mm (aylıq normanın 197%-i), Çilov adasında 37 mm (aylıq normanın 159%-i),  Bakıda 32 mm ( aylıq normanın 114%-i), Sumqayıtda 14 mm (aylıq normanın 52%-i) təşkil edib.

Təqdim olunan rəqəmlər yağıntının normadan artıq olduğunu deməyə əsas veririmi?

Baş verənlər iqlim dəyişmələrinin təsiri ilə olursa, o zaman bundan sonra leysan yağışlar daha da artacaqmı?

TNS mövzu ilə bağlı Elm və Təhsil Nazirliyinin H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Həsən Nəbiyevin fikirlərini öyrənib.

Həsən Nəbiyev bildirib ki, yağıntıların miqdarının normadan artıq olmasını qeyri-adi hadisə kimi qəbul etmək olmaz: “Belə leysan yağışlar Bakı və Abşeronda həmişə olub, amma təkrarlanma ehtimalı çox aşağıdır. Bu hadisəni iqlim dəyişkənliyi ilə bilavasitə bağlamaq olmaz. Əslində iqlim dəyişkənliyi dövründə - son 30-35 ildə göstərilən ərazilərdə yağıntılı günlər çox azalıb. Yağıntı nisbətən Bakı şəhərində artıb, bunu da şəhərin “relyefinin” göydələn binalarla dəyişməsi ilə izah etmək olar”.

ETSN-in verdiyi məlumatların faktiki müşahidələrə əsaslandığını deyən alim bildirib ki, əlaqədar qurumlar bu cür təbiət hadisələrinə hazırlıqlı olmalı, tədbirlər görməlidir.

Onun sözlərinə görə, “Bundan sonra belə yağışlar çox olacaq” ifadəsi yanlışdır: “Qeyd etdiyim kimi, belə yağışların ehtimalı çox azdır. Payızda bu cür yağışların çox olacağını proqnoz etmək mümkün deyil. 

Bu cür yağıntıların çox olması üçün meridional proseslərin təkrarlanması, yəni şimaldan, şimal-qərbdən müdaxilə edən hava kütlələrinin təkrarlanması çox olmalıdır.

Bir məsələni qeyd etmək istərdim ki, 2019-2030-cu illərdə Günəş fəallığının çox güclü olacağı gözlənilir. Bu fəallaşma isə təhlükəli təbiət hadisələrinin çoxalmasına səbəb olur. Məsələn, dolu, ildırım, daşqın, sel hadisələri və s.”.

hesennebiyev

Yağış sularının problem yaratmaması üçün idarə olunmasına, faydalı işlərə sərf olunmasına gəlincə, Həsən Nəbiyev bildirib ki, bol yağışların sularını bir yerə yığmaq üçün rezervuarlar yaratmaq lazımdır: “Körpülərin altında suyun səviyyəsinə nəzarət edən dəqiq cihazlar qoyulmalı, təhlükəli səviyyə qeyd edilən zaman aidiyyəti qurumlar tədbirlər görməlidir.

İri kənd təsərrüfatı rayonlarında yağış sularının toplanması üçün sututarlar yaradılır, sonra həmin sudan suvarmada istifadə edilir. Şəhər praktikasında hələ ki, belə tədbirlərə rast gəlinmir”.   

Aygün