Close

Yediyimiz dönərdə bakteriya olub-olmadığını necə müəyyənləşdirə bilərik?

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Dönər emalına və dövriyyəsinə dair sanitariya norma və qaydaları” adlı yeni texniki normativ hüquqi akt layihəsi hazırlayıb.

Bildirilib ki, sənədin hazırlanmasında məqsəd tərkibindəki inqridentlər baxımından yüksək riskli iaşə məhsulu olan dönərin təhlükəsiz istehlakı üçün qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyi və gigiyena qaydalarına daha ciddi şəkildə əməl olunmasının təmin edilməsi, bu məhsulla bağlı tənzimləmə və nəzarət mexanizmlərinin təkmilləşdirilməsidir.

Sənədə əsasən, çiy dönərin emalı ayrıca bölmədə, yaxud ictimai-iaşə müəssisələrinin çiy dönərin bütün texnoloji proseslərinin aparılması üçün lazım olan avadanlıq və inventarla təchiz edilmiş bölməsində həyata keçirilməlidir. Çiy dönərin emalı üçün istifadə olunan ət yalnız AQTA tərəfindən qeydiyyata alınmış və ya təsdiq edilmiş kəsim məntəqəsindən, yaxud ət satışı müəssisəsindən alınmalıdır. Eləcə də həmin ətin baytarlıq-sanitariya ekspertizasından keçirildiyini təsdiqləyən sənəd (ekspertiza aktı) olmalıdır. İctimai-iaşə müəssisələrinin çiy dönərin hazırlanması sahəsinin bütün avadanlıq və inventarları “çiy ət” nişanı ilə markalanmalı və onlardan müəssisənin digər sahələrində istifadə olunmasına yol verilməməlidir. Çiy dönərin emalı başa çatdıqdan sonra, yaxud hazırlanmasında 3 saatdan artıq fasilə yarandıqda isə ətlə təmasda olan bütün avadanlıq (sökülməli hissələr mütləq sökülməklə) ikigözlü vannalarda müvafiq ardıcıllıqla yuyulub təmizlənməlidir.

Məlumdur ki, dönərdən zəhərlənmə problemi hər gün üçün aktualdır. İnsanların tez-tez dönərdən, eləcə də bir sıra restoran, şadlıq saraylarında təqdim olunan qidalardan zəhərlənməsi ilə bağlı məlumatlar ortaya çıxır.

AQTA-nın təqdim etdiyi növbəti sənədə baxanda sual ortaya çıxır. Bu tədbirlər dönərdən zəhərlənmələrin azalmasına təsir edəcəkmi? Ümumiyyətlə, bu qədər nəzarət varsa, qida zəhərlənmələri nə üçün tez-tez baş verir?

Mövzu ilə bağlı TNS-ə danışan “Azad İstehlakçılar Birliyi” İB-nin sədri Eyyub Hüseynov ölkədə qidadan zəhərlənmə faktlarının hamısının açıqlanmadığını bildirib: “Bütün qida sektoru Qida Təhlükəsizliyi Agentliyinin nəzarəti altındadır. Lakin AQTA xüsusi bir sənəd hazırlamır ki, istehlakçılar həmin sənəddə əsasən, satılan qidanın təhlükəsiz olduğuna əmin olsunlar. Prosesə AQTA nəzarət etdiyi üçün istehlakçı məhsulda bakteriya olub-olmadığını bilə bilməz.  Ümumiyyətlə, fast-food insanların kənar durmalı olduqları bir qida sistemidir. Təəssüf ki, Azərbaycanda zəhərlənmələrin statistikası ümumdünya göstəricisindən 1400, ölümlərin sayı isə 74 dəfə az göstərilir. Zəhərlənmə faktları gizlədilir. Dövlət orqanları isə ölkədəki vəziyyətlə bağlı verilən statistikaya əsasən qərar çıxarır”.

Aygün