Close

21:09
22 Oktyabr 2024
18:45
22 Oktyabr 2024

Orta məktəblərdə dərslərin müddəti azaldıla bilər?

Bir sıra ölkələrdə qış fəslində məktəblərdə dərs saatlarının müddəti azaldılır.

Bakı şəhəri və Abşeron rayonu ərazisində kifayət qədər ikinövbəli təhsil sistemi ilə fəaliyyət göstərən məktəblər var. Bu da öz növbəsində bir sıra problemlər yaradır. Dərslər tezdən saatlarda başlayır. Axşam saat 18:00 olan kimi qaranlıq çökür. Havanın soyuq olması, xüsusilə aşağı yaş qrupunda olan uşaqlar üçün ciddi çətinliklər yarada bilir. Bu kimi problemlərin qarşısını almaq üçün ölkəmizdə də qış fəslində dərs saatlarının azaldılması mümkündür? Dərs saatlarının azaldılması hansı müsbət effekti verə bilər?

Mövzu ilə bağlı TNS-ə danışan təhsil məsələləri üzrə mütəxəssis Kamran Əsədov qış aylarında dərs saatlarının vaxtının azaldılmasının müsbət tərəflərini sadalayıb: “Qış fəslində dərs saatlarının azaldılması bir sıra ölkələrdə tətbiq olunan tədbirlərdən biridir və bu, müəyyən iqlim şəraiti, enerji sərfiyyatı ilə əlaqədar həyata keçirilir. Xüsusilə Şimali Avropa, Skandinaviya ölkələrində və soyuq qış iqliminə malik bölgələrdə bu praktikaya rast gəlmək mümkündür. Bu cür tədbirlərin əsas məqsədi, gün işığının məhdud olduğu vaxtlarda uşaqların təhlükəsizliyini təmin etmək, eyni zamanda qış aylarında onların dərs yükünü azaltmaqdır. Bu tətbiq həmçinin enerji sərfiyyatına qənaət və soyuq aylarda qaranlıq şəraitdə məktəbə getmək çətinliklərini də azaltmaq məqsədi daşıyır”.

Mütəxəssis vurğulayıb ki, Azərbaycan kimi ölkələr üçün də qış aylarında gün işığının azalması, xüsusilə səhər və axşam saatlarında dərslərin qaranlıq şəraitdə başlaması və bitməsi məktəblilər üçün müəyyən çətinliklər yarada bilir: “Saat 18:00-dan sonra qaranlıq olması, soyuq hava və yol şəraitinin pisləşməsi uşaqların təhlükəsizliyinə təsir göstərə bilər.

Müxtəlif ölkələrin təcrübələri belə qərarların uğurlu nəticələrə gətirib çıxardığını göstərir. Məsələn, Finlandiyada qışın ən qaranlıq vaxtlarında məktəblər günün işıqlı vaxtlarına uyğunlaşmaq üçün dərs saatlarını dəyişirlər. Norveç və İsveç kimi ölkələrdə isə uşaqların təhlükəsizliyi və rahatlığı nəzərə alınaraq, qış aylarında dərslərin başlanma saatı müəyyən qədər gecikdirilir. Bu, həm də onların yolda yaşaya biləcəyi hər hansı çətinliyin qarşısını almaq məqsədi daşıyır.

Belə bir tədbirin Azərbaycanda tətbiqi üçün bir neçə faktor nəzərə alınmalıdır.

Məsələn, coğrafi mövqe və iqlim şəraiti.

Azərbaycan Skandinaviya ölkələri qədər ekstremal qış şəraiti yaşamasa da, bəzi bölgələrdə qış aylarında yolların vəziyyəti çətinləşir. Bu da xüsusən uzaq kənd məktəblərində təhsil alan şagirdlər üçün problem yarada bilir.

Daha bir faktor təhlükəsizlik və rahatlıq məsələsidir. Şagirdlərin qaranlıq və soyuq şəraitdə məktəbə getməsi, fiziki və psixoloji yorğunluq yarada, onların təhsil prosesinə mənfi təsir göstərə bilər. Dərs saatlarının qış aylarında azaldılması və ya dəyişdirilməsi uşaqların rahatlığı üçün uyğundur.

Enerji və istilik məsələləri də vurğulana bilər. Qış aylarında məktəblərdə əlavə istilik xərcləri yaranır. Bu zaman dərs saatlarının azaldılması enerji sərfiyyatını optimallaşdıra bilər.

Bu tədbirin Azərbaycanda tətbiq edilməsinin təhsil prosesinə pozitiv təsiri olar. Dünya təcrübəsindən göründüyü kimi, qış fəslində məktəb saatlarının azaldılması və ya günün işıqlı vaxtlarına uyğunlaşdırılması, həm təhlükəsizlik, həm də şagirdlərin dərsə daha rahat və effektiv şəkildə qatılmasına imkan yaradır”.

Aygün