Close

Bu il istilik təchizatında yeniliklər olacaq

Ölkəmizdə payız fəsli kifayət qədər soyuq keçir. Artıq yaşayış mənzillərində əhali tərəfindən qızdırıcılardan istifadə olunur.

TNS “Azəristiliktəchizat” ASC tərəfindən payız-qış mövsümünə hazırlıqla bağlı məlumat alıb.

Qurumun mətbuat katibi Elvin Basqallı bu il yeni qazanxanaların qurulduğunu bildirib.

Qeyd edib ki, "Azəristiliktəchizat" ASC-nin balansında 564 qazanxana, 3871 yaşayış binası, 184 min 500-dən çox mənzil var: “Eləcə də 449 təhsil müəssisəsi, 152 səhiyyə müəssisəsi, 2200-dən çox təsərrüfat və sosial obyektlər “Azəristiliktəchizat” tərəfindən mərkəzləşdirilmiş şəkildə istiliklə təmin edilir. Hər il payız-qış mövsümünə hazırlıq mövsüm yekunlaşdıqdan sonra növbəti mövsümə qədər olan dövrü əhatə edir.

Bu dövr ərzində qazanxanalara baxış keçirilir, avadanlıqlar saz vəziyyətə gətirilir. Cari və ya əsaslı təmir-bərpa işləri aparılır. Bu il üçün əsas fərq ondan ibarətdir ki, paytaxtın 4 rayonunda 5 qazanxana yenidən qurulur. Səbail, Nərimanov, Nizami və Yasamal rayonlarında 4 qazanxana sökülərək yerindən müasir qazanxana tikilir. Hazırda proses davam edir. Səbail rayonunda isə bir qazanxana zirzəmidən çıxarılaraq yeni layihə əsasında qurulur”.

Qurum rəsmisi onu da qeyd edib ki, həmin qazanxanaların ətrafında məhəllədaxili xətlər, istiliklə təmin olunan binaların alt paylayıcı xətləri də dəyişdirilir.

O vurğulayıb ki, bu tədbirlər daha keyfiyyətli istilik xidmətinə imkan verəcək.

Aygün