Close

Dövlət bu sistemin quraşdırılması üçün 40 faiz subsidiya verir

Dünyadakı su ehtiyatlarının yalnız 2 faizə qədəri şirin sudan ibarətdir. Bunun da üçdə ikisi buzlaqlarda cəmləşdiyindən planet sakinlərinin istifadəsi üçün əlçatmazdır. Su resursları regionlar və dövlətlər arasında qeyri-bərabər paylanıb.

BMT-nin hesablamalarına görə, dünyanın yarıdan çox hissəsi su çatışmazlığından əziyyət çəkir və həmin göstəricinin 2025-ci ilə qədər daha da artacağı proqnozlaşdırılır. Dünya əhalisinin 40 faizinin yaşadığı 80 ölkə su çatışmazlığı problemi ilə üz-üzədir. Davam edən qlobal istiləşmə və quraqlığın artması problemi daha da kəskinləşdirir. Son 150 ildə dünyada orta iqlim temperaturu 0,8-1,2 dərəcə artıb. Bu, o deməkdir ki, təhlükənin miqyası getdikcə böyüyür. Beynəlxalq ekoloji və iqtisadi araşdırma mərkəzlərinin proqnozuna əsasən, Yer kürəsi əhalisini qlobal quraqlıq və kəskin su çatışmazlığı kimi böyük bir sınaq gözləyir.

Azərbaycan ərazisində də içməyə yararlı sular məhdud ehtiyatlara malikdir və qeyri-bərabər paylanıb. Ölkəmizin yerüstü su ehtiyatları 27 kubkilometr təşkil edir, quraq illərdə isə bu rəqəm 20-21 kubkilometrə qədər azalır. Su ehtiyatlarımızın 70-72 faizi ölkə hüdudlarından kənarda formalaşır. Azərbaycanda gələcəkdə yarana biləcək su qıtlığı probleminin effektiv həlli məqsədilə bir neçə il əvvəl tədbirlər görülməsinə başlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatlarına görə, ölkəmizin ərazisində 2040-cı ilə kimi çayların sululuğunun orta hesabla 15-25 faiz azalma ehtimalı var. 2070-ci ilə qədər isə, həmin göstəricinin 20-25 faiz olması gözlənilir. Ölkəmizdə su qıtlığını yaradan digər bir amil isə suya olan tələbatın getdikcə artmasıdır. Belə ki, kənd təsərrüfatında 2010-cu ildə əgər bir milyon hektar ərazi əkilirdisə, 2020-ci ildə bu rəqəm bir milyon 700 min hektara çatıb. Suvarma üçün əkilən ərazilərin sahəsi 70 faizdən çox artıb. Mütəxəssislər bildirir ki, kənd təsərrüfatında suyun 50 faizə yaxını itkiyə gedir. İtkilərin qarşısını almaq üçün isə müasir suvarma sistemlərinin tətbiqi mütləqdir.

Bəs, ölkədə müasir suvarma sistemlərinin tətbiqi ilə bağlı vəziyyət necədir?

Kənd təsərrüfatı üzrə mütəxəssis Nicat Quluzadə TNS-ə açıqlamasında bildirib ki, hazırda aqrar komplekslərdə, müasir bağlarda müasir standartlara cavab verən yeni suvarma sistemləri quraşdırılır: “Dövlətin də buna dəstəyi 40 faiz subsidiya şəklindədir. Aqrar Kredit İnkişaf Agentliyi tərəfindən müasir suvarma sistemlərinə 40 faiz dövlət subsidiyası verilir. Bu da fermerə böyük dəstəkdir.

Bildiyiniz kimi, Azərbaycanda dövlət tərəfindən "ağıllı su" sistemleri yaradılacaq. Strategiyaya əsasən, bu məqsədlə 2024−2027-ci illər ərzində içməli su və suvarma suyu təchizatı, yağış sularının idarə olunması sistemlərinin qurulması, suvarılan və suvarılması mümkün əkin sahələrinin müəyyən olunması və elektron xəritələşdirilməsi, irriqasiya və meliorasiya sistemlərinin layihələrinin işlənilməsi, magistral və təsərrüfatlararası suvarma kanallarının bərpası və inşası nəzərdə tutulur. Bununla da dövlət tərəfindən ümumi problemlərin həllinə kömək göstəriləcək”.

Aygün