Close

Repetitor hazırlığı uşaqlarda stress yaradır

“Azyaşlıların, xüsusilə 1-3-cü sinif şagirdlərinin repetitor yanına göndərilməsi son illərdə təhsil mühitində geniş yayılmış bir təcrübədir. Bu praktika valideynlər arasında artan təzyiq və uşaqlarının dərslərdə daha yaxşı nəticələr əldə etməsi arzusu ilə əlaqələndirilir. Lakin bu yaş qrupunda olan uşaqların əlavə hazırlığa göndərilməsi bir sıra problemləri və narahatlıqları da ortaya çıxarır”.

Bu sözləri TNS-ə açıqlamasında Təhsil eksperti Kamran Əsədov deyib.

O qeyd edib ki, azyaşlı uşaqların repetitor yanına göndərilməsinin birinci səbəbi dərslərin çətinliyinin yanlış şəkildə dəyərləndirilməsidir.

Belə ki, valideynlər çox vaxt uşaqların məktəbdə əldə etdikləri biliklərin kifayət etmədiyini və əlavə dərslər vasitəsilə onların daha yaxşı nəticələr əldə edəcəklərinə inanırlar: “Erkən yaşda akademik təzyiqin artması uşaqlarda psixoloji problemlərə səbəb ola bilər. Bu yaşdakı uşaqların təbiəti oyun və kəşf etmək üzərində qurulub, həddən artıq dərs yükü isə onların stress və həyəcan keçirməsinə, motivasiyasının azalmasına yol açır.

Repetitorluğun erkən yaşda tədris mühitinə gətirdiyi əsas problemlərdən biri də uşaqların dərslərdən zövq almağı unutmasıdır. Onlar dərsi sadəcə öyrənmək üçün deyil, testlərdə yüksək nəticə göstərmək üçün öyrənirlər. Bu, uzun müddətdə tədris prosesindən məmnun olmamağa, akademik nəticələrdən asılı olaraq dəyər hissi yaratmağa səbəb ola bilər. Həmçinin, repetitorluqla əldə edilən nəticələr valideynlər və məktəblər arasında asılılıq yaradaraq, uşaqların müstəqil öyrənmə qabiliyyətlərinin inkişafına mane olur”.

k-esedov

Təhsil eksperti bildirib ki, maliyyə yükü çox olan, xüsusilə orta və aşağı gəlirli ailələr repetitor xidmətləri üçün ciddi miqdarda vəsait xərcləmək məcburiyyətində qalır: "Repetitor xidmətləri üçün ödənən vəsaitlər bəzən ailənin digər zəruri ehtiyaclarına sərf olunan büdcəyə təsir göstərir və sosial bərabərsizliyin daha da dərinləşməsinə səbəb olur. Problemi həll etmək üçün ilk növbədə, məktəb tədrisində olan boşluqların aradan qaldırılması vacibdir.

Müəllimlərin tədris keyfiyyətini artırmaq və şagirdlərə daha fərdi yanaşmanı tətbiq etməklə repetitor asılılığını azaltmaq mümkündür. Tədris proqramlarının uşaqların psixoloji inkişafına uyğun şəkildə tənzimlənməsi də vacib addımlardan biridir. Eyni zamanda, valideynlərə uşaqların təhsilində dəstək və yönləndirmə ilə bağlı məlumatlandırıcı seminarlar keçmək, təhsil sisteminə olan etimadı artırmaq olar”.

Ayşən Azadova