Close

Azərbaycanda TV rəhbəri onunla görüşmək istəyən holdinq sahibindən CV tələb etdi

“Bu günlərdə qardaş Qazaxıstanın yetərincə məşhur media holdinqlərindən birinin rəhbərləri Azərbaycana gəlib. Burada görüşlər keçiriblər. Son gün məşhur TV kanallarımızdan birini ziyarət etməyi düşünüblər”.

TNS xəbər verir ki, bunu jurnalist, Mətbuat Şurasının üzvü Azər Həsrət sosial şəbəkə hesabında yazıb.

Jurnalist əlavə edib ki, qonaqlar bu haqda həmin kanala məlumat verib, görüş istəyib.

“Cavab, bilirsiniz nə olub? Bu kanalın parabeyin rəhbərliyi qonaqlara xəbər göndərib ki, əvvəlcə CV-nizi göndərin, sonra görüş haqqında razılaşaq! Heyrət içindəyəm! Sanki qardaş ölkədən gəlmiş media holdinq rəhbərləri bunların kanalında müxbir işinə düzəlmək istəyirmiş də onlardan CV istəyir bizim bu ağıllılar! Adam deməyə söz də tapmır düzü! Ümid edirəm ki, dövlətimizin media məsələləri ilə birbaşa məşğul olan qurumları və vəzifəli şəxsləri bu ağlın sahibinin ümumiyyətlə bir TV-yə niyə rəhbər təyin edildiyini nəzərdən keçirməli olacaqlar. Son illərin media siyasətinin acı nəticələrindən biridir bu da. Yerində və dəxli olmayan adamları gətirib medianın təpəsinə çıxardılar, bizim kimi təcrübəli, işini bilən adamları da küncə sıxışdırıblar! Budur bunların “daha gənc və daha perspektivli” (biz sanki qocalmışıq!) media rəhbərləri! Sadəcə görüş istəyən yetərincə yüksək səviyyəli qonaqdan CV istəyir bunlar!” – deyə Azər Həsrət bildirib.