Psixoloq: "Qızlar oğlan, oğlanlar qız kimi tərbiyə olunur”

“Ölkəmizdə qız uşaqlarına sərt, oğlan uşaqlarına isə əzizləmə tərbiyəsi tətbiq olunduğundan, qızlar oğlan, oğlanlar qız kimi böyüyür”.
Bu sözləri TNS-ə açıqlamasında psixoloq Samirə Bağırova deyib.
Onun fikrincə, qız uşaqlarından çox oğlan uşaqları böyüdən anaların maarifləndirilməsi daha vacibdir: “İldən-ilə qadın qətlləri, zorakılıq halları artır. Bunun hamısı cəmiyyətdəki yanlış yönləndirilmələrə görə baş verir.
Ümumiyyətlə, ailə içində qız uşağı hər zaman müdafiə edilməlidir. Bu şəkildə ailədə böyüyən oğlan da qadının müdafiəsininin vacibliyini anlayar. Qıza “böyük qardaşın, atan səni döyə, söyə bilər”, - deyib, onun qürurunu alçaıtmaq, oğlanı “dağ başına” qaldırmaq ən böyük səhvlərdir. Qız uşaqlarının tərbiyəsində hər hansısa xüsusi bir yanaşmaya ehtiyac duyulmur. Belə ki, dünyaya gələn hər bir qız uşağı anasını təqlid etməyə başlayır. Maksimum şəkildə mədəniyyəti aşılamaqla nəyisə qadağa qoymağa, şərt kəsməyə, çərçivələrə salmağa ehtiyac duyulmur”.
Psixoloq qeyd edib ki, bəzən mədəniyyəti də səhv başa düşürlər: "İrad tutmaq, qadağa qoymaq, məcbur etmək, susdurmaqla mədəniyyəti səhv salırlar. Sadaladıqlarım psixi pozuntulara yol açan səbəblərdir. Mədəniyyəti davranış qaydaları, həyat dəyərləri, insanın yaşadığı mühit formalaşdırır”.
Samirə Bağırova bildirib ki, mədəniyyət həm də bir növ insanı müdafiə edən mexanizmdir: “Davranış qaydaları özünü ilk növbədə mənəviyyatda göstərir. Uzun sözün qısası, bir qız uşağına xanım kimi yeriməyi, danışmağı, yeməyi, gülməyi doğru öyrətdikdə kənardan heç kim ona layiq olmadığı davranışı gösrətməyəcək”.
Ayşən Azadova