Close

Onların pensiyası dayandırılacaq - RƏSMİ

Məlum olduğu kimi, Nazirlər Kabineti “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edib.

Qərara əsasən, qadın valideynlik hüququndan məhrum edildiyi və ya nikaha xitam verildiyi üçün uşağın (uşaqların) kişinin himayəsinə verildiyi, habelə qadının xəbərsiz itkin düşmüş və ya ölmüş elan edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarının surəti və qadının ölüm haqqında şəhadətnaməsinin surəti olduqda “Pensiya” altsistemi tərəfindən əmək pensiyasının ödənilməsi avtomatik olaraq dayandırılacaq. 

Qeyd edək ki, qüvvədə olan qərara əsasən, indiyə qədər bu, ananın ölüm haqqında şəhadətnaməsinin və ya analıq hüququndan məhrum edilməsi barədə məhkəmə qərarının surəti təqdim edildiyi hallara şamil olunub.

Yeni dəyişklik nəyi ehtiva edir?

Mövzu ilə bağlı TNS-in sorğusunu cavablandıran Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bir sıra məqamlara aydınlıq gətirilib.

Bildirilib ki, pensiya qanunvericiliyində son illər aparılan bütün islahatlar pensiya təminatı sisteminin daha əlçatan olmasına, həmin sistemin əhatə dairəsinin, güzəştli şərtlərlə erkən pensiya hüququ verən peşə və vəzifələrin sırasının genişlənməsinə xidmət edir: “Bu il “Əmək pensiyaları haqqında” Qanunda edilmiş son dəyişikliklərdən biri də odur ki, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan, yaxud əlilliyi müəyyən edilmiş uşağı olan qadınların və kişilərin də pensiya yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var.

Həmin müddəa kişilərə münasibətdə qadın vəfat etdiyi, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildiyi, habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən valideynlik hüququndan məhrum edildiyi və ya nikaha xitam verildiyi üçün uşağın (uşaqların) kişinin himayəsinə verildiyi hallarda tətbiq edilir”.

Məlumatda vurğulanıb ki, Nazirlər Kabinetinin 8 oktyabr 2024-cü il tarixli Qərarı ilə “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda edilmiş dəyişikliklər də “Əmək pensiyaları haqqında” Qanunda edilmiş həmin dəyişikliklərlə bağlı icranın təmin edilməsi üçün texniki uyğunlaşdırma məqsədi daşıyır, həmçinin Qanundakı dəyişikliklərə uyğun olaraq müvafiq hallarda tələb olunan sənədlərə dair qaydaları müəyyən edir. “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində pensiya ödənişinin hansı hallarda dayandırıldığı bildirilir: “Qaydalarda da həmin hallar elektron informasiya sistemlərində və ya ehtiyatlarında aşkar edildikdə də pensiyanın ödənişinin dayandırıldığı qeyd edilməklə müvafiq texniki uyğunlaşdırma aparılıb”.

Aygün