Close

Dünyaya gəlmədən yox olan qızlar

BMT Baş Assambleyasının 2011-ci ildə verdiyi təklifə əsasən, 2012-ci ildən etibarən hər il oktyabrın 11-i Beynəlxalq Qızlar Günü kimi qeyd olunur. Qızların - daha çox da azyaşlıların bir-birindən maraqlı reklam afişası kimi sosial şəbəkələri bəzəyən fotolarına baxanda insan düşünməyə bilmir.

Qız doğulmaq seçim olmadığı halda, nə üçün bu günü qeyd edirik? Cəmiyyətdə hamı kimi, eyni haqqa sahib olan qızları kim ayırıb, özəl gün təşkil edir? Bu faktın özü ayrı-seçkilik deyilmi?

Digər tərəfdən, günün keçirilməsi məqsədinə nəzər salanda suallara yer qalmır.

Əsas məqsəd diqqəti qızların hüquqlarının müdafiəsinə, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına, müxtəlif növ ayrı-seçkilikdən və baxımsızlıqdan əziyyət çəkməsinə yönəltməkdir. Təhsil almaq, sağlam qidalanmaq, tibbi xidmət imkanı, sosial hüquqlar, habelə uşaq yaşlarında ayrı-seçkilikdən, zorakılıqdan və məcburi evlilikdən müdafiə olunmaq bu problemlər sırasındadır.

Cəmiyyət iki hissəyə bölünüb. Bir tərəfdə qızların hüqularını pozanlar, qarşı tərəfdə onları müdafiə edənlər.

Məsələnin acınacaqlı tərəfi odur ki, əsrlərdir, aparılan bu mübarizələrdə elə də dəyişən bir şey yoxdur. İslamdan əvvəl ərəblərin qız uşaqlarını diri-diri torpağa basdırdığı deyilir, yazılır. Nə dərəcədə həqiqət olduğu məlum deyil. Amma məlum olan başqa bir həqiqət var. Gözlərimizi bərəldib, dəhşətə gəldiyimiz həmin hadisədən 14 əsrdən çox vaxt keçib. Amma bu gün qızlara tutulan “divan” o hadisədən az dəhşətli deyil.

Canlı ana bətnində də canlıdır. Onu doğulmazdan əvvəl öldürməklə, doğulduqdan sonra öldürmək arasında fərq yoxdur.

Amma bu gün ölkəmiz selektiv - qızları seçib ölümə məhkum edən abortların sayına görə dünyada liderlər sırasındadır. 

1990-cı illərin əvvəllərində “Nobel” mükafatı almış hindistanlı iqtisadçı Amartya Sen ilk dəfə “çatışmayan qadınlar” konsepsiyasını irəli sürərək, Asiyada əhali arasında gender əsaslı ölüm hallarında tendensiyaları araşdırmaq üçün müzakirə açdı. Yerli icmaların ənənəvi patriarxal arzularının reallaşdırılmasına yönəlmiş oğlan uşaqlarının doğulmasını təmin etmək üçün uşağın cinsinə görə qərəzli seçiminin geniş yayılmış halları bu fenomenə daxildir. Uzun müddət belə hesab edildi ki, bu hallar yalnız Çin və Hindistan kimi ölkələrdə baş verir. Doğulacaq uşağın cinsinə görə seçimlə bağlı 1829 saylı AŞPA Qətnaməsi (2011) bir sıra ölkələri hədəfə alaraq, bu ölkələrdə doğulan uşaqların cinsə görə nisbətinin pozulmasının “narahat doğuran səviyyəyə çatmasını” qeyd etdi.

Ötən müddət ərzində bu istiqamətdə yaxşılığa doğru bir irəliləyiş olmadı.

Məsələn, ölkəmizdəki rəqəmlərə baxsaq, 2024-cü ilin yeddi ayında dünyaya gələn oğlan uşaqlarının sayı qızlara nisbətən 3764 nəfər çoxdur. Doğulan 58 848 körpədən 31 306-sı oğlan, 27 542-i qızdır. Ötən il isə ölkədə 112 min 620 körpə doğulub. Onlardan 59 814-ü oğlan, 52 806-sı qızdır.

Cins nisbəti hər 100 qıza 113 oğlan təşkil edir.

Ötən il abortların sayı 21,4% və ya 15 817 abort artaraq 73 816 olub. 15 - 49 yaşlı hər 1000 qadına düşən abortların sayı 27,9-dur.

Qeyd edək ki, dünyaya gələn uşaqların cins nisbəti bioloji normaya uyğun olaraq 102-106-dır. Belə ki, heç bir xarici müdaxilə olmadığı təqdirdə doğulan hər 100 nəfər qız uşağına 102-106 oğlan uşağı düşür. 1990-cı illərin əvvəllərindən Azərbaycanda bu nisbətin nə qədər pozulduğu göz önündədir.

Beləcə, bu faktlar qız uşaqlarının hələ dünyaya gəlmədən pozulan haqlarıdır. Doğulduqdan sonra təhsil hüququndan məhrum edilən, qız olduğu üçün arzularını içində tutmağa məhkum edilən, “qız yükü, duz yükü” emblemi, “qız ki, kəkil çıxardı...” tənəsi ilə erkən yaşda evləndirilən, geyiminə, hərəkətlərinə hərənin bir darğa kəsildiyi qızların sayı azdırmı? 

Qızların günü olmur. Qızların hər gün sərbəst, rahat, həssas mühitdə yaşamaq haqqı olur. Ovuclarımızın arasında bərk-bərk tutduğumuz o haqqı geri vermək lazımdır.

Aygün