Vahid tələbə kartı belə olacaq - FOTO

Artıq "TələbəPlus" kartının dizaynı hazırdır.
Oktyabrın 15-dən etibarən ali təhsil müəssisələrində təhsil alanlara vahid tələbə kartlarının verilməsi nəzərdə tutulur.
Bu barədə TNS-ə Təhsilin İnkişafı Fondundan məlumat verilib. İlkin olaraq tələbə kartları 11 universitetdə təqdim ediləcək.
Bunlar Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Mühəndislik Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Türkiyə-Azərbaycan Universiteti, Fransa-Azərbaycan Universiteti (UFAZ), Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti, Bakı Slavyan Univeristeti və Azərbaycan Dillər Universitetidir.
Məlumatda qeyd olunub ki, Təhsilin İnkişafı Fondu öz tərəfdaşları ilə birlikdə 250-dən çox şirkətlə razılaşma əldə edib: “Artıq Mədəniyyət Nazirliyi, Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası (AQİSA) ilə güzəştlərlə bağlı memarandum imzalanıb.
Dövlət Turizm Agentliyi ilə müəyyən istiqamətlərdə tələbələr üçün xüsusi güzəştlər nəzərdə tutulur”.
Qeyd edək ki, “TələbəPlus” kartı eyni anda bir neçə funksiyanı yerinə yetirəcək. Həm universitetə giriş-çıxışı təmin edəcək, həm debet bank kartı kimi fəaliyyət göstərəcək, həm də tələbələrin təqaüd kartı olacaq. Bank əməliyyatlarını da kart vasitəsilə yerinə yetirmək mümkün olacaq.
Xatırladaq ki, bir müddət öncə Təhsilin İnkişafı Fondu, Kapital Bank və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkəti arasında yeni “TələbəPlus” tələbə kartlarının istifadəyə verilməsi məqsədilə memorandum imzalanıb. Kart vasitəsilə tələbələr “VISA”nın təqdim etdiyi xüsusi keşbek, endirim, promokodlardan yararlana biləcəklər. Əlavə olaraq, layihə çərçivəsində yerli və xarici şirkətlərlə müqavilələrin imzalanması və tələbələr üçün xüsusi güzəştlərin əldə olunması istiqamətində addımlar atılır. Bu imkanlar restoran, kafe, kitab, geyim, dəftərxana ləvazimatları mağazası, tibb müəssisəsi və s. məkanlarda mövcud olacaq.
Aygün