Close

Məktəblərdə verilən dərsliklərin çoxu yararsızdır - Valideynlər nə etməlidir? - FOTO

Bəzi məktəblərdə şagirdlərə verilən dərsliklər istifadəyə yararsız vəziyyətdədir.

Bu barədə TNS-ə valideynlərdən daxil olan müraciətlərdə bildirilib. 7-ci sinif riyaziyyat dərsliyinin fotosunu göndərən valideyn qeyd edib ki, dərslikdə vərəqlərin bəzisi, ümumiyyətlə yoxdur. 

derslik

Məktəblərdə dərslik çatışmazlığı problemi varmı?

Ümumiyyətlə, övladına istifadəyə yararsız dərslik verilən valideynlər nə etməlidir?

Məsələ ilə bağlı TNS-in sorğusunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi cavablandırıb.

Bildirilib ki, ümumi təhsil müəssisələrində uşaqların təlim-tərbiyəsi və tədris prosesi ilə yanaşı, keyfiyyətli və yeni dərsliklərlə təminatı da Agentlik üçün vacib şərtlərdəndir: “Bu istiqamətdə mütəmadi olaraq müvafiq tədbirlər görülür. 2024-2025-ci tədris ili üzrə 7 milyon 150 min ədəd dərslik ümumi təhsil müəssisələrinə təhvil verilib. Dərsliklərdən düzgün istifadə qaydaları ilə bağlı şagirdlər və valideynlərlə söhbətlər aparılır, tədris materiallarından səliqəli istifadə edilməsinin vacibliyi diqqətə çatdırılır. Bu məsələ məktəb rəhbərliyi tərəfindən nəzarətdə saxlanılır”.

Məlumatda bildirilib ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən məktəbəhazırlıq və 1-ci sinfin təhsilalanları üçün bütün kağız dərsliklər, dərs vəsaitləri və digər tədris-metodik vasitələrin yararlılıq müddəti 1 tədris ili, 10-11-ci siniflər üçün ilk buraxılışından sonrakı 5, digər təhsilalanlar üçün isə ilk buraxılışından sonrakı 4 tədris ili müəyyən edilib: “Şagirdlərə yararsız dərslik təqdim edilərsə, valideynlər təhsil müəssisəsinin rəhbərliyinə müraciət edə bilərlər. Belə olduğu təqdirdə, dərsliyin təhsil müəssisəsinin ehtiyat fondu hesabına yenisi ilə əvəz edilməsi nəzərdə tutulub. Əgər ehtiyat dərslik yoxdursa, təhsil müəssisəsi bu barədə tabe olduğu təhsil idarəsinə müraciət edə bilər”.

Aygün