Close

18:27
08 Oktyabr 2024
16:11
08 Oktyabr 2024

“Diplomların tanınma prosesi şəffaflaşdırılmalıdır” - AÇIQLAMA

Ötən ay xaricdə təhsil alan 233 nəfərin diplomu tanınmayıb. Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən sentyabrda xaricdə təhsil alan 787 nəfərdən sadəcə 554-ü barədə müsbət qərar verib.

Agentlikdən bildirilib ki, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması səbəbi ilə 209, təhsil forması səbəbilə 8, ekvivalenti olmayan ixtisas səbəbilə 6, dövlət nümunəli olmayan diplom səbəbilə 4, akkreditasiyasız filial səbəbilə 3, əczaçılıq ixtisası üzrə qiyabi formada təhsil alınması səbəbilə 2, bakalavr diplomu üzrə mənfi qərar verilməsi səbəbilə 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Ən çox müraciət olunan ixtisaslar isə maliyyə, biznesin idarə edilməsi, menecment, iqtisadiyyat və tibb üzrə olub.

Hər dəfə yüzlərlə gəncin diplomunun tanınmaması kifayət qədər ciddi problemdir. Mütəxəssislər hesab edir ki, bu problemi həll etmək sadəcə gənclərin və onların valideynlərinin öhdəsində olan məsələ deyil. Ölkənin Elm və Təhsil Nazirliyi bu gedişatın qarşısını almaq üçün müəyyən addımlar atmalıdır.

Məsələ ilə bağlı TNS-ə danışan təhsil məsələləri üzrə mütəxəssis Kamran Əsədov xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələrin diplomlarının tanınmaması probleminin son illərdə diqqət mərkəzində olduğunu bildirib: “Diplomların tanınmaması ilə bağlı çətinliklərin mənbəyi çoxşaxəlidir və onların həlli üçün ciddi addımlar atılmalıdır.

Məsələnin arxasında yatan əsas problem isə tədris keyfiyyəti və akkreditasiya məsələsidir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi xarici diplomları tanımaq üçün müəyyən kriteriyalar təyin edib. Bu kriteriyalara əsasən, təhsil müəssisələrinin beynəlxalq akkreditasiyası, tədris proqramlarının məzmunu və akademik standartlara uyğunluğu vacibdir. Lakin bəzi xarici universitetlər bu tələblərə tam cavab vermir. Məsələn, bəzi universitetlər sürətli diplom proqramları, aşağı keyfiyyətli tədris prosesi və ya akkreditasiya məsələlərində boşluqlar yaradır. Nəticədə Azərbaycanda belə diplomlar tanınmır və məzunlar iş tapmaqda çətinlik çəkirlər”.

Mütəxəssis bildirib ki, tanınma problemi yalnız tədris keyfiyyəti ilə bağlı deyil, eyni zamanda xarici universitetlərin akkreditasiyasına da aiddir: “Azərbaycanda tanınmayan universitetlərdə təhsil alan tələbələrin diplomları bəzən həmin universitetlərin ya beynəlxalq səviyyədə tanınmaması, ya da yerli təhsil sisteminə uyğun gəlməməsi səbəbindən problem yaradır. Akkreditasiya problemi yalnız tələbələrin gələcəkdə iş tapmaq imkanlarına təsir göstərmir, eyni zamanda Azərbaycanın təhsil sahəsində beynəlxalq standartlarla inteqrasiya səylərinə də mane olur.

Bu problemi həll etmək üçün bir neçə addım atılmalıdır. Birincisi, tələbələr xarici ölkələrdə təhsil almaq istədikləri zaman universitetin akkreditasiya durumunu və tanınma səviyyəsini əvvəlcədən araşdırmalıdırlar. Elm və Təhsil Nazirliyinin tanınan universitetlərin siyahısını yayımlaması və tələbələrə məlumatlandırıcı təlimatlar verməsi də bu baxımdan əhəmiyyətlidir. Tələbələr təhsillərinə başlamazdan əvvəl həmin ölkənin təhsil sisteminin Azərbaycandakı tələblərlə nə dərəcədə uyğun gəldiyini öyrənməlidirlər.

Digər tərəfdən, Azərbaycan və təhsil verən ölkələr arasında akademik əlaqələrin gücləndirilməsi vacibdir. Bu, təhsil proqramlarının uyğunlaşdırılması, birgə diplom proqramlarının yaradılması və beynəlxalq akkreditasiya imkanlarının genişləndirilməsi kimi addımlarla həyata keçirilə bilər. Azərbaycanlı tələbələr üçün təqaüd proqramlarının genişləndirilməsi və keyfiyyətli universitetlərə yönəldilməsi də bu problemin həllinə töhfə verə bilər”.

k-esedov

K.Əsədovun sözlərinə görə, xaricdə təhsil alan tələbələrin diplomlarının tanınması prosesini daha şəffaf və əlçatan etmək üçün yeni mexanizmlərin tətbiqi də vacibdir: “Bu, xüsusilə dövlətlərarası təhsil müqavilələrinin genişləndirilməsi və əməkdaşlıq protokollarının gücləndirilməsi ilə mümkündür. Elm və Təhsil Nazirliyi, əlaqədar qurumlar xarici universitetlərə nəzarət mexanizmlərini gücləndirərək, diplomların tanınma prosesini daha effektiv idarə edə bilər.

Nəticə etibarilə, xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələrin diplomlarının tanınmaması, təhsil keyfiyyəti və akkreditasiya problemləri ilə sıx bağlıdır. Həm tələbələrin məlumatlılığının artırılması, həm də dövlətlərarası akademik əməkdaşlığın genişləndirilməsi bu problemlərin həlli üçün vacib addımlardır. Azərbaycanlı tələbələrin gələcəkdə daha keyfiyyətli təhsil almaq və iş bazarında uğurlu olmaq üçün düzgün universitet seçimi və dövlət tərəfindən verilən dəstəklər əhəmiyyətlidir. Bu şəkildə, həm Azərbaycan, həm də təhsil verən ölkələr üçün daha effektiv və faydalı akademik əlaqələr qurmaq mümkündür”.

Aygün İbrahimli